Mərkəzdə Rusiyadır: Qarabağda nə baş verir?


Erməni silahlı birləşmələrinin növbəti hərbi təxribatı Qarabağda vəziyyəti gərginləşdirib. Ötən il dekabrın 12-də ekofəalların Laçın-Xankəndi yolunda aksiyasının başlanmasından bəri Qarabağ cəbhəsində davam edən nisbi sakitlik martın 5-də və 6-da yenidən pozulub.


Martın 5-də erməni silahlı birləşmələrinin Ermənistandan Xəlfəli-Turşsu-Xankəndi yolu ilə Qarabağa silah keçirmək cəhdi silahlı qarşıdurmaya səbəb olub. Nəticədə, Azərbaycan ordusunun iki hərbçisi şəhid olub. Eyni zamanda, keçirilən əməliyyat zamanı erməni terrorçularından üç nəfəri zərərsizləşdirilib, biri isə yaralanıb. Martın 6-da erməni yaraqlıları Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub. Yaxın günlərdə belə təxribatların təkrar baş verəcəyi istisna olunmur. Çünki son hadisələr bölgədə eskalasiyanın baş verməsində digər geosiyasi "oyunçu"ların maraqlı olduğunu göstərir. Yəni bölgədə son günlər sabitliyə yönəlik ümidverici çağırışların artması hansısa tərəfləri qane etmir. Gərginliyin yaranması ilk növbədə, regionda geosiyasi rəqabətin dərinləşməsindən xəbər verir ki, bu da öz növbəsində xarici güclərin bölgəyə müdaxilə imkanlarını asanlaşdırır. Bu baxımdan, yaxın günlərdə Rusiya, ABŞ, Fransa, Avropa İttifaqı, Türkiyə və İranın diplomatik fəallığının artacağını gözləmək olar. Paralel olaraq, bu proses adları çəkilən geosiyasi güclərin Azərbaycanla və Ermənistanla münasibətlərinə, həmçinin Ermənistandakı daxili siyasi vəziyyətə də təsir göstərə bilər.
Bu gün Qarabağda baş verənlərin səbəblərinə və mümkün nəticələrinə gəlincə, ona aydınlıq gətirmək üçün son günlərin siyasi xronologiyasına nəzər salmaq kifayətdir. Bütün rakurslardan təhlil etdikdə prosesin mərkəzində Rusiyanı görmək olar. Rusiya sülhməramlılarının nəzarət zonasında təsir imkanına malik olan tək geosiyasi "oyunçu"nun Moskva olması Ermənistan üzərindən regionda mövqelərini gücləndirməyə çalışan Avropa İttifaqı, Fransa və İranı istisna edir. Ermənistan hakimiyyəti yaxşı anlayır ki, bölgədə hərbi təxribatların artması Nikol Paşinyanın Xankəndidəki kuratoru sayılan və Azərbaycan nümayəndələri ilə kommunikasiyalara başlamış Araik Arutunyanın mövqelərini zəiflədir. Bu isə adekvat olaraq, Rusiyanın Qarabağdakı siyasi emissarı, Araik Arutunyanla qarşıdurmada məğlub olmuş Ruben Vardanyanın fəallaşması üçün yeni səhifə aça bilər. Deməli, bölgədə hərbi təxribatların baş verməsi Rusiyanın maraqlarına cavab verir. Qeyd edilən arqumenti hadisələrin məkan baxımından fərqli analizi də təsdiq edir. Yəni son bir ayda həm İrəvanda və Bakıda aparılan danışıqlarda, həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında müşahidə olunan proseslərin mərkəzində rəsmi Moskvanın yer aldığını görmık olar. Belə ki, fevralın 9-dan bəri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev həm İrəvana, həm də Bakıya səfər edib. Eyni zamanda, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. Fevralın 27-28-də isə Azərbaycana səfərdə olan Sergey Lavrov Bakıdan döndükdən sonra iki gün sonra Hindistanda yenidən erməni həmkarı Ararat Mirzoyanla bir araya gəlib. Bütün bu diplomatik müzakirələrin əsas hədəfi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların bərpasına nail olmaq olub. Lakin mövcud situasiyada tərəflərdən heç biri Rusiyanın ev sahibliyinə maraq göstərmədiyinə görə Moskvanın təşəbbüsləri nəticə vermir. Hazırda Azərbaycanla Ermənistan sülh sazişinə yaxın görünməsələr də müzakirələrin aparılmasında daha çox onlayn diplomatiyaya üstünlük verir. Əlbəttə, Qarabağdakı məsələlər Azərbaycan-Ermənistan münaibətlərinin tənzimlənməsi prosesindən fərqləndirilir. Ancaq burada müşahiddə edilən paralellik Rusiyanın oyundan kənar vəziyyətə salınmasıdır.
Bu baxımdan, son bir ayda digər məkanda, yəni Rusiya sühməramlılarının nəzarət zonasındakı duruma diqqət yetirmək kifayət edir. Fevral ayında Araik Arutunyan, ardınca isə Ruben Vardanyanın Moskvaya səfəri qondarma rejimin daxilindəki qruplar arasında maraqlar toqquşmasını daha dərinləşdirdi. Nəhayət, fevralın 23-də Ruben Vardanyanın "dövlət naziri" postundan çıxarılması Rusiyanın bölgə ilə bağlı planının pozulması demək idi. Vardanyanın "vurulması" əslində həm Azərbaycanın, həm də onu öz hakimiyyəti üçün təhlükə hesab edən Baş nazir Nikol Paşinyanın maraqları çərçivəsindədir. Prezident İlham Əliyev Azərbaycanın Moskvadan xüsusi tapşırıqla göndərilmiş Vardanyanla deyir, Qarabağdakı erməni vətəndaşlarla təmaslara razı olduğunu bəyan edib. Ermənistan mediasının yazdığına görə Vardanyanı qovmağı Araik Arutunyana məhz Paşinyan tapşırıb. Yəni Vardanyan "kartı"nın siyasi məngənədə sıxılması bölgədə sabitliyin və sülhün təminatı üçün yeni çağırışların meydana çıxmasına gətirib çıxartdı. Martın 1-də Xocalıda Azərbaycan nümayəndələri ilə Qarabağın erməni sakinləri arasında təmasların baş tutması yeni siyasi konyukturun formalaşması üçün ciddi əsaslar yaradır. Bu isə nəinki Rusiyanı, hətta regionda marağı olan bir çox qüvvələri qane edə bilməz. Ancaq sülhməramlıların nəzarət zonasına təsir imkanları Rusiyanın siyasi inhisarında olduğundan yaranmaqda olan kövrək barışı pozmaq imkanı da Kreml üçün daha asandır. Bu baxımdan, Xocalıda baş tutan təmaslardan sonra bölgədə təxribatın baş verəcəyi gözlənilən idi. Qarabağda yaşayan erməni vətəndaşların Azərbaycana reinteqrasiyası bölgədə münaqişə elementlərinin sabitliklə əvəz olunması deməkdir. Təbii ki, belə olan halda Azərbaycan ərazisində Rusiya sülhməramlılarına ehtiyac qalmır. Ona görə də eskalasiyanın baş verməsi Rusiya hərbi kontingentinin bölgədə qalıb fəaliyyətini davam etdirməsi üçün əsas yaradır. Danışıqlarda vasitəçilik təşəbbüsü ciddi nəticə verməyən və Qarabağdakı emissarı üzərindən zərbə alan Rusiya prosesi pozmaq üçün təxribata əl atıb. Ermənilər yaşayan ərazilərə nəzarətin Rusiya ordusuna məxsus olduğunu və terrorçu qruplaşmalar arasında Moskvadan idarə olunan casus şəbəkəsinin mövcudluğunu nəzərə alsaq, bu qarşıdurmanı yaratmaq çətin olmayıb. Gərginliyin yaranması Qarabağdakı erməniləri silahlı mübarizəyə səsləyən Ruben Vardanyanın əlini yenidən gücləndirə bilər. Bu da prosesi sıfır nöqtəsinə qaytramaq üçün Rusiyaya çox lazımdır. Artıq Araik Arutunyanın "Müstəqilliyimizi və öz müqəddəratını idarəetmə hüququmuzu güzəştə getməyəcəyik" deməsi Rusiyanın məqsədinə hələlik nail olduğundan xəbər verir.

AFN.az-ın Analitik qrupu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu