Azərbaycandan Ermənistan və Rusiyanı nokauta salan həmlə


Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin təmasları davam etdirmək üçün Azərbaycan Prezident Administrasiyasına dəvət edilməsi son günlər bölgədə yaranmış vəziyyətin qiymətləndirilməsi baxımından bir sıra ciddi siyasi mesajları özündə ehtiva edir.


Rəsmi Bakı bununla ilk növbədə, martın 1-də Xocalıda keçirilmiş görüşün davamında maraqlı olduğunu nümayiş etdirir. Yəni martın 5-də Xankəndi-Turşsu-Xəlfəli yolunda baş vermiş silahlı təxribatdan sonra bölgədə gərginliyin artması Azərbaycanın Qarabağdakı erməni vətəndaşların reinteqrasiyası ilə bağlı siyasətinə ziddir. Mövcud vəziyyətdə münaqişənin yenidən alovlanması regionda hərbi kontingetə sahib Rusiyaya lazımdır. Çünki erməni sakinlərin Azərbaycana siyasi etimadının artması sabitliyin təmin olunması deməkdir. Bu halda Rusiya hərbi qüvvələrinin Azərbaycanda qalmasına ehtiyac qalmayacaq. 44 günlük Vətən müharibəsindən sonra isə Rusiya hərbçiləri Qarabağda Azərbaycan ordusu ilə erməni əhali arasında yalnız qoruyucu deyil, daha çox ayırıcı funksiya yerinə yetirir. Rusiya hərbçilərinin Ermənistandan Qarabağa silah daşınmasını təşkil etdiyinə dair aşkara çıxan videogörüntülər Kremlin əsas missiyasının bölücülüyə xidmət etdiyini göstərir. Hazırda hərbi kontingent Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirini təmin edən güc mərkəzlərindən birinə çevrilib. Hərbi qüvvələrin Azərbaycanı tərk etməsi Rusiyanın nəinki Qarabağdakı vəziyyətə, eyni zamanda Azərbaycan-Ermənistan danışıqlar prosesinə təsirini də kəskin azalda bilər. Ona görə də bölgənin gələcəyinə münasibətdə Moskva ilə Bakı arasında fikir ayrılığının dərinləşməsi müşahidə olunur. Azərbaycan Qarabağdakı erməni ictimaiyyəti ilə təmas imkanlarını həyata keçirməklə kənar təzyiqləri neytrallaşdırmağa çalışır. Erməni sakinlərin Azərbaycan Prezident Administrasiyana dəvət edilməsi də məhz bu məqsədə hesablanıb. Üstəlik, Xocalıda görüş Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun vasitəçiliyi ilə keçirilmişdisə, bu dəfə Moska "oyundan kənar" vəziyyətə düşüb. Təmasın Bakıda reallaşması Rusiyanın vasitəçilik prosesindən kənarda qalması deməkdir. Moskva isə nə bölgədə, nə də masada vəziyyətə nəzarəti itirmək istəmir.
Eyni zamanda, rəsmi Bakının təklifi Avropa İttifaqına və ABŞ-a yönəlik mesajdır. Yəni Azərbaycan hakimiyyəti heç də ermənilərin və onların Qərbdəki havadarlarının iddia etdiyi kimi, düşmənçilik tərəfdarı olmadığını nümayiş etdirir. Azərbaycanın Qərblə təmaslar qurmasında Qərb də israr edir. Həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın, həm də ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə səfiri Lui Bononun Bakıya və İrəvana səfərləri fonunda belə təmasların təşkili Azərbaycana qarşı təzyiqlərin aradan qalxması üçün ciddi arqument formalaşdırır. Yəni Azərbaycan təmaslara açıq olduğunu və bölgədəki problemlərin həllində erməni sakinlərin müraciəti əsasında birgə addım atmaq niyyətini göstərir. Bu isə Rusiya ilə paralel, bölgədə "nə sülh, nə müharibə" vəziyyətinin davam etməsində maraqlı olan Ermənistan üçün əlverişli deyil. Çünki münaqişəli situasiyanın davam etməsi Ermənistana həm Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək, həm də beynəlxalq müstəvidə təzyiqə nail olmaq üçün lazımdır. Erməni təmsilçilərin Bakıya dəvət edildiyi gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə etməsi hər iki tərəfin Azərbaycana qarşı mövqeyində yaxınlaşmanın baş verdiyinə işarədir. Rusiyanı vəzifəsinin öhdəsindən gəlməməkdə ittiham edən Paşinyan hakimiyyəti Moskvanın bölgədə müşahidə olunan dialoqa təşəbbüs prosesindən narahat olduğunu anlayır. Ermənistan isə Azərbaycanın Laçın-Xankəndi yolunun girişində sərhəd-buraxılış məntəqəsi qurmasının əleyhinədir. Əslində, bu məsələdə Rusiya və Ermənistanın maraqları üst-üstə düşür. Çünki nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Ermənistanla Qarabağdakı qanunsuz silahlı birləşmələr arasında əlaqənin kəsilməsinə səbəb olacaq. Bununla da Laçın-Xankəndi yolu ilə Qarabağa silah daşınmasının qarşısı alınacaq. Paşinyan Putinlə telefon danışığı zamanı nəqliyyat əlaqələrinin bərpası məsələsini müzakirə etməklə Azərbaycanın yola nəzarət istəyinin Rusiya tərəfindən əngəllənməsinə ümid edir. Öz növbəsində, V.Putin bütün məsələlərin 2020-ci il 10 noyabr Bəyanatı əsasında və tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətində həllinin vacibliyini vurğulayıb. Bu isə Rusiyanın hərbi missiyasına zidd olan bütün səylərin Kreml üçün qəbuledilməz olduğu deməkdir.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu