Əvvəl-axır Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar - ŞƏRH


Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi Qarabağın erməni icmasını növbəti dəfə Bakıya dəvət edib. Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini danışıqlar üçün ikinci dəfə Bakıya dəvət edib. Bundan əvvəl martın 13-də oxşar təklif edilmişdi, lakin qarşı tərəf dəvətə müsbət cavab verməyib. Tərəflər arasında sonuncu dəfə martın 1-də Xocalı şəhərində görüş keçirilib.

Ermənilər Bakıya niyə gəlmək istəmirlər?

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, ermənilərin Bakıya gəlmək təklifini qəbul etməməsinin bir neçə səbəbi var: "Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Moskvada isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər".
E.Şahinoğlu qeyd edib ki, bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar: "Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, əvvəl-axır Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar".

Xatırladaq ki, martın 25-də Azərbaycan ordusunun qüvvələri son günlər Qarabağdakı Rusiya hərbi kontingentinin nəzarəti altında xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilən silah daşınmasının qarşısını almaq üçün Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarına nəzarəti ələ alıb. Hərbçilərimiz yerləşdikləri ərazilərdə möhkəmlənərək istehkam işləri aparıblar. Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verərək "tərəfləri əvvəl olduqları yerlərə qayıtmağa" çağırsa da, Azərbaycan tərəfi bu çağırışa reaksya verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu