"Təhlükəsiz Şəhər" sistemi müasir tələblərə cavab verirmi? - EKSPERT

Ölkədə bir-birinin ardınca baş verən ağır cinayətlərin, terror təəssüratlı güllələnmə olaylarının fonunda "Təhlükəsiz Şəhər" sisteminin nə dərəcədə işləyib-işləməməsi gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda "Təhlükəsiz Şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir. Onun qurulmasına xeyli miqdarda dövlət vəsaiti xərclənib.
AFN.az xəbər verir ki, İT üzrə mütəxəssis Osman Gündüz məsələ ilə bağlı şərh verib. O, "ictimai təhlükəsizliyin qorunmasında "Təhlükəsiz Şəhər" sistemi müasir tələblərə cavab verirmi?", "Müşahidə kameraları maskada olan şəxsi identifikasiya etməyə imkan verirmi?" suallarını aktuallaşdırıb və bu istiqamətdə durumu dəyərləndirib: "Bravo"da baş verən cinayətin açılmasında DİN-in texnologiyalardan, rəqəmsal resurslardan, "Təhlükəsiz Şəhər" sistemindən peşəkarlıqla istifadəsi haqqında bir neçə gün öncə yazmışdım. Ötən gün deputat Fazil Mustafaya qarşı törədilən terror bir daha bu məsələyə diqqət yetirməyimə səbəb oldu. "Təhlükəsiz Şəhər" sistemi daxilində biometrik identifikasiya, video müşahidə və s . bu tip alt sistemləri mövcuddur, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verir, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verir.
Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və NK-nın 2010-cu ildə qəbul edilən qərarları var. Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı NK qərarına bir neçə dəfə əlavələr edilib. Əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı. Hazırda isə yuxarıda qeyd olunan qərara edilən dəyişikliklərdən sona müşahidə kameralarının sayı və keyfiyyəti xeyli artırılıb. Son açıqlanan məlumatlara görə, Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində, təxminən 2300 nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib. İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir".
O.Gündüzün sözlərinə görə, beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müqayisə etdikdə aydın olur ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz Şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu sistemin əsas tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib: "Lakin görünən odur ki, bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar da var.
Baş verənlər və müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə yol xəritəsi hazırlanmalıdır.
Yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də, icrası istiqamətində problemlər var".
Mütəxəssisin fikrincə, bu sistemin operatoru olan DİN qeyd edilən məsələlərdə daha yaxından iştirak etməlidir. O.Gündüz qeyd edib ki, yeni tikililərdə telekommunikasiya və videomüşahidə sisteminin mövcudluğu və istismarı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir: "Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz Şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video müşahidə sistemləri, təmassız biometrik texnologiyalar quraşdırılmalıdır.
İnkişaf etmiş ölkələr terrorçuluğa qarşı mübarizədə, identifikasiya məsələlərində süni intellekt həllərindən istifadəyə daha çox önəm verirlər. Bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqinə diqqət artırılmalıdır.
"Təhlükəsiz Şəhər" sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, kameralardan məlumatların ötürülməsi üçün optik şəbəkənin inkişaf etdirilməsi, məlumatların emal edilməsi üçün Data Mərkəzin gücünün artırılması, digər təhlükəsizlik sistemləri ilə inteqrasiya böyük resurslar və peşəkar kadrlar tələb edir. Dünyada baş verənlər, son zamanlar ölkəmizdə baş verənlər və beynəlxalq təcrübədə göstərir ki, "Təhlükəsiz Şəhər" tipli sistemlər ictimai təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi faydalı olar.
Yeri gəlmişkən, videomüşahidə sistemləri ilə toplanan informasiyaların qorunması və bu məlumatlardan sui-istifadə hallarının qarşısının alınması üçün də qanunverciliyin təkmilləşdirilməsi vacibdir".
Qeyd edək ki, dünən axşam saatlarında deputat Fazil Mustafa evinin qarşısında avtomat silahdan açılan atəşlə iki güllə yarası alıb. Onu güllələyən şəxs qonşuluqdakı yarımçıq tikilinin barısından tullanaraq qaçıb. Hələlik hüquq-mühafizə orqanları onun axtarışını davam etdirirlər. Bundan əvvəl "Bravo" marketdə baş verən güllələnmə hadisəsindən sonra polis bir neçə saatlıq əməliyyatla hadisəni törədərək qaçan şəxsləri yaxalaya bilmişdi. Bu dəfə isə hadisənin hər hansı görüntüsünün olmaması işi bir qədər çətinə salıb deyə bilərik.