Suyun satışını və su ehtiyatlarını idarə edən struktur ayrılmasa islahatlar uğursuz olacaq - EKSPERT


Xəbər verildiyi kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilib.


Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanla yeni yaradılan Agentliyə Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən dövlət orqanı funksiyaları verilib. Bundan başqa, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Yeni yaradılan qurumun əsasnaməsi və strukturu təsdiq edilənədək, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə su ehtiyatları və sudan istifadə ilə bağlı bir sıra yeniliklərin olacağının anonsunu vermişdi. "Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq" - deyə prezident qeyd etmişdi.

Görünən odur ki, Almaniya şirkətləri ilə görüşdə söz verildiyi kimi, bu sahədə islahatlar start götürüb. Lakin bu, hələ bəs deyil. İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, qısa müddətdə suyu istehlakçılara çatdıran nəql şəbəkəsilə su ehtiyatlarına sahiblik və idarəetməni həyata keçirən struktur bir-birindən ayrılamasa, ölkənin bütün meliorasiya və içməli su şəbəkəsinin vahid, həm də nəhəng bir qurumda mərkəzləşdirilməsi uğursuz bir addım olacaq: "Kənd təsərrüfatı təyinatlı suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır. Əhalinin içməli su təchizatı ya bələdiyyələrə, ya da konsessiya əsasında özəl investorlara həvalə olunmalıdır. Hazırda yaradalan Agentlik yalnız su ehtiyatları və ölkə miqyaslı magistral su infrastrukturuna üzərində dövlət adından sahibliyi həyata keçirməli, mövcud ehtiyatlar üzərində nəzarəti təmin etməli, sudan səmərəli istifadə sahəsində straytegiya və hüquqi mexanizmlər hazırlamalı, su nəqlini həyata keçirən operatorlarla suyun topdansatış alışına dair müqavilələr bağlamalıdır".

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu