ABŞ-dan Tayvana 440 milyon dollarlıq hərbi satış üçün yaşıl işıq
ABŞ administrasiyası Çinlə suverenlik münaqişəsində olan Tayvana təqribən 440 milyon dollarlıq sursat və logistik dəstək verəcəyini açıqlayıb.
Pentaqondan verilən açıqlamaya görə, Dövlət Departamentinin adada hökumətin tələb etdiyi iki hərbi satışa icazə verdiyi bildirilib.
Bildirilib ki, Tayvana 332,2 milyon dollar dəyərində 30 millimetr diametrli zirehli deşici sursat, 108 milyon dollar dəyərində hərbi maşın və texnika ehtiyat hissələri tədarük etmək planlaşdırlıb. Satışların baş tutması üçün ABŞ Konqresinin təsdiqi, eləcə də Dövlət Departamentinin icazəsi lazımdır.
Qeyd olunub ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Konqresə satışın təsdiqlənməsi üçün məlumat verib.
Alliant Techsystems (ATK) sursat satışında podratçı, General Dynamics isə logistika dəstək xidmətlərində podratçı olacağı gözlənilir.
Tayvan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, satışlar adanın Çinin artan hərbi təhdidlərinə və boz ərazi taktikasına qarşı dayanıqlığını gücləndirəcək.
Hərbi satışın təsdiqlənməsi adanı öz ərazisinin bir hissəsi kimi görən Çinin sərt reaksiyasına səbəb olub.
Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Vaşinqtonun Tayvana silah satmağın və ada ilə hər hansı hərbi əlaqə qurmağın əleyhinə olduğunu vurğulayıb və qeyd edib:
“Birləşmiş Ştatlar bir Çin prinsipinə və üç Birgə Bəyannamədə diplomatik münasibətlərin əsasını təşkil edən öhdəliklərinə əməl etməli, Tayvana silah satmağı dayandırmalı, Tayvan boğazında gərginlik yaradaraq sülh və sabitliyə təhlükə yaratmamalıdır”.
ABŞ Dövlət Departamenti sonuncu dəfə mart ayında F-16 döyüş təyyarələrində istifadə olunan raketlərin Tayvana satışına dair 619 milyon dollarlıq müqaviləni təsdiqləyib.
Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildən Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.
Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.
Mənbə: AA