Əmlak Məsələləri Dövlət Xidməti 35 milyon manatın taleyinə aydınlıq gətirməkdən imtina edir

Bəzi müəssisələr üzrə xalis mənfəət əldə edilsə də, büdcəyə dividend ödənişi həyata keçirilməməsi ilə bağlı ötən günlərdə məlumat vermişdik.
AFN.az xatırladır ki, bu haqda məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik
hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə göstərilir ki, bu müəssisələrdən biri də "Azərlotereya" ASC-dir. Səhmlərində dövlətin payı olan müəssisə olaraq ASC 2022-ci il üzrə dövlət büdcəsinə heç bir divident ödəməyib. Lakin “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında Hesablama Palatasının əksinə olaraq, müəssisənin ötən il üzrə 30,194,740 manat dividend ödədiyi qeyd edilib.
Şirkətdən AFN.az-a bildirilib ki, ölkə başçısının 16.01.2021-ci il tarixli 2443 nömrəli Sərəncamına əsasən "Azərlotereya" ASC Türkiyə Respublikasının "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V." şirkətinə müqavilə əsasında idarəetməyə verilib: “Şirkətin idarəetməyə verildikdən sonrakı dövrdə dövlətə olan ödənişləri sözügedən müqavilə əsasında həyata keçirilir”.
“Azərlotereya” ASC-nin ödədiyi dividendin büdcədə əksini tapmamasının səbəbini araşdırmaq üçün növbəti sorğu ünvanladığımız qurum Əmlak Məsələləri üzrə Dövlət Xidməti oldu. ƏMDX-dən araşdırma aparılacağı bildirilsə də, qanunla nəzərdə tutulan vaxtın bitməsinə baxmayaraq, sorğumuza cavab verilmədi. Qurumun mətbuat xidmətinə sorğunun cavabının təqdim edilməsi üçün bir neçə dəfə etdiyimiz müraciət isə cavabsız qaldı.
Qeyd edək ki, müvafiq sorğunu mətbuat xidməti əməkdaşının tövsiyəsi ilə noyabrın 22-də office@emlak.gov.az ünvanına göndərmişik. Üzərindən 1 ay keçsə də, sualların cavabsız qalması təkcə bir ASC üzrə 35 milyon manatın taleyinin qaranlıq olmasından xəbər verir. Halbuki bu hal səhmlərində dövlətin payı olan bir neçə müəssisə ilə bağlı mövcuddur.
HƏBİBƏ