Azərbaycanda büdcədən dövlət müəssisələrinə ayrılan subsidiyalar 25 % artıb
2022-ci ildə Azərbaycanın dövlət büdcəsində subsidiyalar üzrə 1 401,7 milyon manat vəsait icra edilib ki, bu da proqnozla müqayisədə 2,6 % az, 2021-ci ilin icrasına nisbətən isə 1,2 % çoxdur.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə subsidiyaların 25 % artımı, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların isə müvafiq olaraq 26,6 % və 13 % azalması fonunda baş verib.
Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9,5 % bəndi artaraq 49,8 %-ə yüksəlib və ən yüksək xüsusi çəkiyə sahib olub.