"Azərikimya" büdcəyə artıq ödəmələrdə fərqləndi
2019-cu ildə Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 2018-ci illə müqayisədə azalıb, artıq ödəmələrin formalaşmasında Bakının payı daha yüksək olub, bu məbləğin azalması əsasən dövlət və xarici mülkiyyətdə olan vergi ödəyiciləri hesabına baş verib.
AFN xəbər verir ki, bu barədə Hesablama Palatasının "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Rəyə əsasən, ötən il artıq ödəmələr 1,76 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 240 milyon manat və yaxud 12% azdır. Artıq ödəmələrin 1,58 milyard manatı Bakıda, 180 milyon manatı isə regionlarda yaranıb. 2019-cu ildə azalmış artıq ödəmə məbləğinin 84 milyon manatı dövlət mülkiyyətində, 73 milyon manatı xarici mülkiyyətdə, 44 milyon manatı birgə mülkiyyətdə, 39 milyon manatı isə xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payına düşüb.
Bununla belə, azalma fonunda bəzi vergi ödəyiciləri artıq ödəmələrdə müsbət dinamika nümayiş etdirib, bu dinamika isə əsasən əlavə dəyər vergisi (ƏDV) üzrə ödəmələrdə müşahidə olunub. Əsas artımlar dövlət sektorunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyi üzrə (ilin əvvəlinə artıq ödəmə olmadığı halda ilin sonuna 10 milyon manatdan çox), özəl sektorda isə sahibkarlıq fəaliyyəti məşğul ola fiziki şəxslər üzrə (ilin əvvəlinə nisbətən 20,4% artımla 173 milyon manata yaxın) qeydə alınıb.