Avropada qaz sobaları hər il 40 min insanı öldürür
Yeni elmi araşdırma hər il 40.000 avropalının ölümünə qaz sobalarının səbəb olduğunu ortaya çıxarıb. Bu rəqəm avtomobil qəzaları nəticəsində ölənlərin sayından iki dəfə çoxdur.
Sobalar buraxdıqları zəhərli qazlarla ürək və ağciyər xəstəliklərinə səbəb olur. Mütəxəssislər bu problemin ciddiliyinin yetərincə başa düşülmədiyini düşünürlər.
İspaniyanın Jaume I Universitetindən Dr. Juana Maria Delqado-Saboritinin rəhbərlik etdiyi araşdırma qrupu qaz sobalarının zərərli təsirlərinin düşünüldüyündən qat-qat ciddi olduğunu ortaya qoyub.
Böyük Britaniya və Avropa Birliyində aparılan araşdırmalara görə, qaz sobalarından atılan azot dioksid kimi zəhərli qazlar insan ömrünü iki il qısaldır, ürək və ağciyər xəstəliklərinə səbəb olur.
Azot dioksidin təsirini araşdıran elm adamları Avropa İttifaqında 36 min 31, İngiltərədə isə 3 min 928 vaxtından əvvəl ölümün birbaşa qaz sobası istifadəsi ilə əlaqəli olduğunu ifadə ediblər.
Dr. Delqado-Saborit bildirib ki, ilk dəfə 1978-ci ildə azot dioksidi ilə çirklənmənin elektrik sobalarından qat-qat yüksək olduğunu aşkar ediblər və indi onun vaxtından əvvəl ölümlərlə əlaqəsini rəqəmlərlə nümayiş etdirə bilirlər.
Tədqiqatçılar vurğulayırlar ki, karbonmonoksit və benzol kimi digər çirkləndiricilərin təsirləri nəzərə alındıqda nəticələr daha da pis olacaq.
Avropa İqlim Fondunun dəstəyi ilə həyata keçirilən tədqiqata İspaniyanın Valensiya Universitetinin alimləri də öz töhfələrini veriblər.
Avropa İctimai Sağlamlıq Alyansı (EPHA) siyasətçiləri qaz sobalarının risklərinə qarşı tədbir görməyə çağırıb. EPHA-dan Sara Bertuççi qaz sobalarının təsirlərinin uzun müddətdir diqqətdən kənarda qaldığını və bu sobaların evlərimizi siqaret tüstüsünə bənzər çirklənmə ilə doldurduğunu bildirib.
Avropa İttifaqı açıq havada havanın keyfiyyətinə dair standartları sərtləşdirsə də, qapalı məkanlar üçün oxşar qaydalar hələ tətbiq edilməyib.
Kopenhagen Universitetindən havanın çirklənməsi üzrə mütəxəssisi Steffen Loft qapalı məkanlardakı azot dioksid mənbəyinin nəqliyyatdan, yoxsa qaz sobasından gəldiyini müəyyən etməyin çətin olduğuna diqqət çəkib, amma araşdırmanın ağlabatan olduğunu söyləyib.
Tədqiqat çərçivəsində qapalı yerlərdə qaz sobalarından istifadənin qaçınılmaz olduğu hallarda yemək bişirərkən pəncərələrin açılması və havalandırmanın təmin edilməsi tövsiyə olunur.
Mənbə: Guardian