Yunanıstanda meşə yanğınları səbəbindən səhiyyə müəssisələri təxliyə edildi

Yunanıstanın müxtəlif bölgələrində davam edən meşə yanğınları səbəbindən Axaya və Preveze bölgələrində bəzi səhiyyə müəssisələri təxliyə olunub.
Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis Axaya bölgəsindəki Kato Axaya Sağlamlıq Mərkəzinin bütün bölgənin boşaldılması qərarı çərçivəsində personalı və xəstələri ilə birlikdə təxliyə edildiyini açıqlayıb.
Yunan mətbuatının məlumatına görə, Prevezedəki Thesprotiko bölgəsində yerləşən Sağlamlıq Mərkəzi də boşaldılıb. Xəstələr Arta və Preveze xəstəxanalarına köçürülüb.
Digər tərəfdən, Saqqız adasındakı xəstəxana yanğın səbəbindən baş verə biləcək mümkün hadisələrə qarşı hazır vəziyyətə gətirilib. Yanğınsöndürmə işləri zamanı xəsarət alan bir yanğınsöndürən və tüstüdən zəhərlənən iki nəfər təcili yardım şöbəsində müalicə altına alınıb.
Yunanıstan üzrə davam edən meşə yanğınları ilə mübarizə davam edərkən, Yanğınsöndürmə Xidməti sözçüsü Vasilis Vathrakoyannis televiziyaya verdiyi açıqlamada son 48 saatda 152 yeni kənd təsərrüfatı və meşə yanğını hadisəsinin qeydə alındığını bildirib.
Vathrakoyannis gün ərzində ölkə üzrə yüksək temperatur, aşağı rütubət və güclü küləklərin təsirli olduğunu, bunun isə yanğınların sürətlə yayılması üçün son dərəcə təhlükəli şərait yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, yanğın bölgələrində 4 min 850 yanğınsöndürən xidmət göstərir, gün batana qədər isə 62 hava vasitəsi müdaxiləyə cəlb olunub.