Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanıb


Son 10 ildə dünyada ən böyük meşə yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib.


Dünyada baş verən meşə yanğınları ilə bağlı məlumatları toplayan “Qlobal Meşə Nəzarəti” adlı internet saytının məlumatına görə, son 10 ildə dünyada 82 milyon hektar meşə sahəsi yanıb. 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə sahəsi itkisi qeydə alınıb.

Son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ kimi ölkələrdə baş versə də, hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada davam edən meşə yanğınlarına müdaxilələr davam edir.

Yeni Cənubi Uels (NSW), Kvinslend, Viktoriya və Cənubi Avstraliyada 2019-cu ilin sentyabr ayında başlayan və təxminən 6 ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib.

Avstraliyanın Kral Təbii Fəlakət Tənzimləmələri Komissiyasının 2020-ci ildə dərc etdiyi hesabata görə, ölkə tarixinə “Qara yay” kimi keçən bu yanğınlarda 24 milyon hektardan çox ərazi məhv olub, 3 min 500 ev yanıb, çoxlu heyvan ölüb.

Avstraliyada təxminən 6 ay davam edən bu yanğınlar dünyada son 10 ilin ən böyük meşə yanğınları kimi tarixə düşüb.

“The Guardian”ın xəbərinə görə, Rusiyada son 10 ilin ən böyük meşə yanğınları 2021-ci ildə 18,16 milyon hektardan çox meşə sahəsini məhv edən yanğınlar olub.

Bu yanğınlar 2012-ci ildə ölkədə 18,11 milyon hektar ərazini məhv edən ən böyük meşə yanğınını üstələyib.

Kanadadakı meşə yanğınları artıq son 10 ilin ən böyük yanğınları sırasındadır

Kanada Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğın Mərkəzinin (CIFFC) açıqladığı məlumatlara görə, 2023-cü ilin may ayında başlayan və Kanadada hələ də davam edən meşə yanğınları artıq son 10 ilin ən böyük meşə yanğınları sırasındadır. .

1989-cu ilin aprel-sentyabr aylarını əhatə edən bütün meşə yanğınları mövsümü ərzində təxminən 7,6 milyon hektar meşə sahəsinin yandığı Kanadada yanğın mövsümünün ortasında olmasına baxmayaraq, bu il 10 milyon hektardan çox meşə sahəsi məhv olub.

Kanadada bu il yanğın və tüstü səbəbiylə 155 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalarkən, yanğınların tüstüsü ABŞ-ın bir çox şəhərinə, başda Nyu Yorka da çatıb, həyatı mənfi təsir edib.

Hər il Kaliforniya ştatında meşə yanğınlarına səhnə olan ABŞ, 2020-ci ildə son 10 ilin ən böyük meşə yanğınını yaşayıb.

ABŞ-ın Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti 2020-ci ilin yanğın mövsümündə ştatda baş verən meşə yanğınlarında 1,7 milyon hektardan çox ərazinin yandığını açıqlayıb.

Yunanıstanın Rodos adasında bir həftə əvvəl başlayan meşə yanğını nəzarətsiz şəkildə yayılmağa davam edir.

Yunanıstan İqlim Nazirliyindən verilən açıqlamada iyulun 23-nə keçən gecə 19 min insanın təxliyyə edilməsinin ölkədə indiyə qədər həyata keçirilən ən böyük təxliyə əməliyyatı olduğu bildirilib.

Səlahiyyətlilər yanğın riskini 5-ci kateqoriyaya yüksəldiblər ki, bu da Mərkəzi və Cənubi Yunanıstanın bütün şərq hissəsində, Euboea və Rodos adalarında ən yüksəkdir.

Əlcəzair Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölkənin 11 şəhərində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyi açıqlanıb. Açıqlamada yanğınsöndürmə işlərinin havadan və qurudan davam etdiyi vurğulanıb.

İtaliyada meşə yanğınlardan ən çox zərər çəkdiyi yer olan Siciliya adasında 86 yanğınla mübarizə aparılır.

Ölkənin cənubunda bir çox nöqtələrdə baş verən meşə yanğınlarının birbaşa və dolayı təsiri nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

Meşə yanğını səbəbindən sözügedən ərazidə yaşayan 1500 nəfər təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu