HƏMAS İsraillə atəşkəs üçün şərtlərini açıqladı

HƏMAS İsrail qoşunlarının razılaşdırılmış nöqtələrə çıxarılması müqabilində Qəzza zolağındakı döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Əl Ərəbiyyə telekanalı yayıb.
Bildirilir ki, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misir vasitəçilərinə çatdırıb. "HƏMAS İsrailin razılaşdırılmış nöqtələrə çəkilməsi müqabilində öz döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib və girovların həyatını qorumaq öhdəliyini vurğulayıb", – deyə mənbələr telekanala bildiriblər.
Onların sözlərinə görə, hərəkat İsrailin Qəzzanı işğal etmək planlarına son qoyacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq zəmanətləri özündə əks etdirən yazılı razılaşma tələb edib.
Mənbələr həmçinin qeyd ediblər ki, Misir Qəzza ilə bağlı hərtərəfli razılaşma üçün plan hazırlayır və bu plan avqustun sonuna qədər həyata keçirilməlidir.