Alyaskada sel təhlükəsinə görə təxliyə çağırışı edilib

ABŞ-ın Alyaska ştatında buzlaq və qarların yaratdığı bəndin daşması nəticəsində yaranan sel təhlükəsi səbəbindən bölgə sakinlərinə təxliyə çağırışı edilib.
ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) açıqlamasında Alyaskanın paytaxtı Cuno (Juneau) şəhərində yerləşən Mendenhall buzlağının yaratdığı bəndin daşdığı və güclü sel təhlükəsi yarandığı bildirilib.
Juneau Empire saytının xəbərinə görə, rəsmilər Cuno sakinlərinə ərazini tərk etmələri barədə çağırış ediblər.
Milli Hava Xidməti (NWS) rəsmisi Nikol Ferrin sel təhlükəsi ilə bağlı açıqlamasında “Əlimizdəki məlumatlara görə bu, yeni rekord olacaq” ifadəsini işlədib.
Geniş bir vadidə yerləşən Mendenhall buzlağı “Suicide” adlanan hövzədəki ərimə suyu gölü üçün buzdan təbii bənd rolunu oynayır. Hövzədən axan su 2011-ci ildən bəri fasilələrlə selə səbəb olur.
Alimlər bildirirlər ki, iqlim dəyişikliyinin təsiri ilə bu sellərin gücü ildən-ilə artır.