BMT: İqlim dəyişikliyi köçkünlər üçün ölümcül təhlükədir
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, iqlim dəyişikliyi müharibə, zorakılıq və təqiblərdən qaçan insanlar üçün artan təhlükədir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Bakıda davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNHCR) Tərəflərin 29-cu Konfransı (COP29) çərçivəsində 13 ixtisaslaşmış təşkilat, tədqiqat institutları və qaçqınların rəhbərlik etdiyi qruplarla əməkdaşlıq edərək iqlim dəyişikliyinin köçkünlərə təsirinə dair bir hesabat nəşr edib.
Hesabatda iqlim dəyişikliyinin müharibə, zorakılıq və təqiblərdən qaçan insanlar üçün artan təhlükə olduğu və bu vəziyyətin onlar üçün ölümcül təhlükə yaratdığı və buna uyğunlaşmaq üçün lazım olan vəsait və dəstək çatışmazlığının olduğu qeyd edilib.
Hesabatda ekstremal iqlim hadisələri ilə bağlı təhlükələrlə üzləşən ölkələrin sayının 2040-cı ilə qədər 3-dən 65-ə yüksəlməsinin gözlənildiyi bildirilib və bu ölkələrin əksəriyyətinin məcburi köçkünlərə ev sahibliyi etdiyi vurğulanıb. 2050-ci ilə qədər əksər qaçqın məskənləri və düşərgələrinin iki dəfə çox təhlükəli isti günlər yaşayacağı proqnozlaşdırıldığı qeyd edilib.
Hesabatda Sudanda şiddətli qarşıdurmaların milyonlarla insanı evlərini tərk etməyə məcbur etdiyi, o cümlədən 700 min insanın on illərdir qaçqınlara ev sahibliyi edən və hələ də iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələrdən biri olan Çada keçdiyi diqqətə çatdırılıb.
Hesabatda iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyənin kövrək və müharibə şəraitində olan ölkələrdə qaçqınlara, ev sahibi icmalara və başqalarına çatdırılmaması və buna görə də onların iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq qabiliyyətinin sürətlə pisləşdiyi də vurğulanıb.
Hesabat həmçinin ölkələri iqlim fəlakətlərinin əlavə təhlükəsi ilə üzləşmiş məcburi köçkünləri qorumağa, onlara və onları qəbul edən icmalara maliyyə və siyasət qərarlarında söz haqqı verməyə çağırıb.
Hesabatda fikirlərinə yer verilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bəyan edib ki, iqlim dəyişikliyi dünyanın ən həssas insanlarının həyatına dərindən təsir edən sərt reallıqdır.
İqlim dəyişikliyinin təsirinə qarşı həll yollarının mümkün olduğunu, lakin təcili tədbirlərə ehtiyac olduğunu vurğulayan Qrandi, müvafiq qaynaq və dəstək olmadıqda bundan təsirlənənlərin əziyyət çəkəcəyini qeyd edib.