İqlim dəyişikliyi şokoladı da təhdid edir


Keçən il Qərbi Afrikada bir neçə həftə davam edən həddindən artıq istilər qlobal şokolad istehsalının əsasını təşkil edən kakao yığımına mənfi təsir göstərib. Tədqiqatçılar bunun istehsalın azalmasına səbəb olduğunu və kakao qiymətlərinin rekord səviyyələrə çatdığını deyirlər.



Dünya kakao istehsalının təxminən 70 faizini təşkil edən Qərbi Afrikadakı fermerlər son illərdə həddindən artıq temperatur, xəstəliklər və qeyri-sabit yağışlarla mübarizə aparırlar.

Bu neqativlər kakao istehsalının azalmasına və qiymətlərin sürətlə artmasına səbəb olub.

"Climate Central" müstəqil araşdırma qrupunun hesabatına görə, neft, kömür və metan qazının yanması səbəbindən artan temperatur xüsusilə Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada üstünlük təşkil edir.

Fil Dişi Sahili və Qananın ən böyük istehsalçılar olduğunu vurğulayan tədqiqatçılar temperatur məlumatlarını və iqlim modellərini araşdıraraq qlobal istiləşmənin təsirlərini qiymətləndiriblər.

Araşdırmalar çərçivəsində kakao istehsalı üçün ideal temperaturun 32 dərəcə olduğu və son on ildə bu səviyyədən yuxarı olan isti günlərin sayının üç həftə artdığı müəyyən edilib.

2023-cü ildə qlobal orta temperatur rekord səviyyəyə çatdıqda, tədqiq edilən bölgələrin üçdə ikisində ən azı 42 gün ərzində 32 dərəcədən yuxarı temperatur müşahidə edilib.

Alimlər qeyd edirlər ki, həddindən artıq istilər kakaonun məhsuldarlığını və keyfiyyətini azaldır. Bundan əlavə, unlu bit böcəyi istilası, nizamsız yağışlar, qaçaqmalçılıq və qeyri-qanuni mədənçilik kimi digər amillərin də kakao istehsalına mənfi təsir göstərdiyi bildirilir.

Britaniyanın "Christian Aid" xeyriyyə təşkilatı tərəfindən nəşr olunan başqa bir araşdırma göstərir ki, Qərbi Afrikadakı kakao fermerləri iqlim dəyişikliyinin yaratdığı hava şəraitinə qarşı həssasdırlar.

Hesabatda kakao istehsalının 2023-cü ildə həddindən artıq yağıntı nəticəsində zərər gördüyü, 2024-cü ildə isə quraqlığın mənfi təsir göstərdiyi bildirilib.

"Christian Aid"dən Osai Ojigho kakao istehsalının dünyanın ən yoxsul bölgələrinin bəzilərində dolanışıq mənbəyi olduğunu söyləyib və insanların yaratdığı iqlim dəyişikliyi bu dolanışıq vasitələrini ciddi təhlükə altına qoyduğunu əlavə edib.

İstehsalın azalması qlobal kakao qiymətlərində böyük artımlara səbəb olub. 2023-cü ilin sonundan etibarən London və Nyu-York birjalarında kakaonun qiymətləri sürətlə artmaqdadır, Nyu-York bazarında kakaonun ton başına qiyməti 10.000 dolları keçib. 2023-cü ilin dekabrında qiymətlər 12500 dolları keçərək rekord qırıb.

Uzun illər 2000-3000 dollar civarında olan qiymətlər şokolad istehsalçılarına da təsir edir. İsveçrədə yerləşən "Lindt & Sprüngli" artan kakao qiymətləri səbəbindən 2024-cü ildə qiymətləri yenidən qaldıracağını açıqlamışdı.

Missisipi Dövlət Universitetinin professoru Narcisa Prikop kakao istehsalının xüsusilə quraqlıq səbəbindən ekzistensial təhlükə ilə üzləşdiyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, son 30 ildə yer kürəsinin dörddə üçü quruyub. Alimlər bu vəziyyətin əsas səbəbinin istixana qazları emissiyaları olduğunu bildirirlər.

"Quraqlıqla mübarizə təkcə şokoladı xilas etmək üçün deyil, həm də planetin həyatı saxlamaq qabiliyyətini qorumaq üçün vacibdir" deyə Prikop qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu