Turizmdə postpandemiya dövrü: hələ də 2019-un rəqəmlərinə çatmamışıq - MÜSAHİBƏ

Dünyada turizm sektoru artıq COVİD şokunu dəf edib, bu sahənin inkişaf etdiyi demək olar ki, bütün ölkələr pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, hətta daha yüksək nəticələr əldə edən ölkələrin sayı ildən-ilə artır. Çox uzağa getmədən misal olaraq bildirək ki, qardaş ölkə Türkiyə, qonşu Gürcüstan qəbul etdikləri turistlərin sayına görə rekord göstəricilərə malikdir.
Təəssüf ki, turizm sahəsində geniş və çoxşaxəli potensiala malik Azərbaycanda hələ də bu sahədə istənilən nəticəni əldə etmək mümkün deyil. Səbəblər müxtəlifdir. Bu baxımdan suallarımızı turizm üzrə ekspert, “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qara cavablandırır:
- Azərbaycan turizminin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? Ölkəyə gələn turistlərin sayı baxımından bu ilin ilk üç ayının nəticələri heç də ürəkaçan deyil...
- Bəli, üç ayın rəqəmləri Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma olduğunu göstərir. Bu, çox narahatedici bir durumdur. Biz həm dövlət, həm də özəl sektor təmsilçiləri olaraq bir neçə dəfə toplaşdıq, açıq və qapalı iclaslar keçirdik, müzakirələr apardıq. Hər kəs öz məsuliyyətini anlayır. Normal halda ölkəyə gələn turist sayı getdikcə artmalıdır. Çünki bildiyiniz kimi, postpandemiya dövrüdür, amma biz hələ də 2019-cu ilin rəqəmlərinə çatmamışıq. 2019-cu ildə ölkəmizə 3 milyon 600 min turist gəlmişdi. Biz bu nəticəni əldə etmək üçün il ərzində müxtəlif turizm sərgilərində iştirak edirik, bazarlar analiz olunur, məqsədəuyğundursa, o regiona təkrar gedilir, orada B&B görüşlər keçiririk, qarşılıqlı infoturlar təşkil edirik ki, Azərbaycan həmin ölkələrdə gündəmdə qalsın və maraq artsın. Amma təəssüf ki, hələ də istədiyimiz nəticəni əldə edə bilməmişik.
- Səbəb təkcə quru sərhədlərin bağlı olmasıdırmı?
- Mən iki gün əvvəl Balakən sərhədində idim. Azərbaycandan çıxış xarici vətəndaşlar üçün açıqdır. Amma ölkəyə giriş yalnız hava yolu ilədir. Bizim yola saldığımız qrupdan əlavə, mən orada 3-5 nəfərlik kiçik qruplar, individual turistlər gördüm. Onların arasında Şərqi Asiya, Avropa ölkələrinin vətəndaşları da vardı. Onlar buradan çox rahat şəkildə, heç bir növbəsiz Gürcüstana keçdilər, oradan yəqin ki, ya üçüncü ölkəyə gedəcəklər, ya da öz ölkələrinə qayıdacaqlar.
Əslində quru sərhədlərin bağlanması turpaketlərdə marşrutların dəyişməsinə səbəb oldu. Əvvəllər aviabiletlər ucuz olduğuna görə ilk olaraq Gürcüstana gəlirdilər, sonra quru sərhədi ilə Azərbaycana keçib buranı gəzib öz ölkələrinə qayıdırdılar. İndi məcbur birinci Azərbaycana gəlib sonra digər ölkələrə gedirlər. Quru sərhədlərin bağlı olması daha çox qonşu ölkələrdən gələn turistlərin sayına mənfi təsir göstərir. Statistika da göstərir ki, pandemiyadan əvvəl bizə xarici vətəndaş əsasən Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlirdi. 2008-ci ildən ilk top 4-lükdə bu ölkələr qərarlaşırdı. Ona görə də əsas azalma da bu ölkələrin payına düşür.
- Bəs indi hansı ölkələrdən daha çox turist gəlir bizə?
- Son 2 ildə ərəb ölkələrindən, bir də Hindistan və Pakistandan gələn turistlərin sayı çox idi. Hazırda Hindistan və Pakistan arasında baş verən münaqişə bu nəticəni də dəyişdirib. Azərbaycanın haqlı olaraq Pakistanı dəstəkləməsi səbəbindən hindistanlı bloger və siyasətçilərin X sosial şəbəkəsi vasitəsilə "Boycot Azerbaijan" kampaniyası başlatması bu ölkədən gələn turistlərin sayına ciddi təsir göstərir. Artıq Hindistandan ölkəmizə nəzərdə tutulan bəzi turlar ləğv olunub. Təəssüf ki, bu münaqişə hava məkanlarındakı təhlükə səbəbindən pakistanlı turistlərin də sayına ciddi təsir göstərir. Amma düşünürəm ki, vəziyyət stabilləşəndən sonra Pakistandan təşkil edilən turlar bərpa olunacaq.
Bir də son vaxtlar Qazaxıstandan və Özbəkistandan gələnlərin sayında artım var. Ümid edirik ki, Qırğızıstan da bura qoşulacaq. Biz onları əsasən müalicə turizminə cəlb edə bilirik. Bu, sovet dövründən qalmış bir təbliğatdır. Sanatoriyalarımız günü-gündən çoxalır, müasir texnologiya və standartlara uyğunlaşdırılır. Hesab edirəm ki, bu marağı nəzərə alıb Mərkəzi Asiya ölkələrində Azərbaycanın təbliğatını gücləndirməliyik.
- Azərbaycan hər il Dubayda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir. Siz də “Zakher Travel” şirkəti olaraq bu sərginin iştirakçıları arasında olursunuz. Gəzməyi, görməyi çox sevən ərəb turistlərin Azərbaycana marağı artırmı?
- Bu il Dubayda 32-ci beynəlxalq turizm sərgisi keçirildi. Azərbaycan pavilyonunda 42 hotel və turizm şirkəti təmsil olunurdu. Biz bu il ilk dəfə Dubay sərgisində “Zakher Travel” olaraq ayrıca stendlə çıxış etdik. Sərginin davam etdiyi 4 gün ərzində Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən 1000 turizm şirkəti ilə görüş keçirdik. Qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr apardıq. Bu şirkətlərin böyük əksəriyyəti Azərbaycanı yaxından tanıyır, bütün turistik bölgələrimizlə bağlı məlumatları var. Biz görüşlərdə onlara yenilikləri çatdırdıq. Əsas yeniliyimiz də Birləşmiş Ərəb Əmirliklərinin “Wizz Air Abu Dhabi” aviaşirkətinin iyunun 19-dan başlayaraq Qəbələyə birbaşa uçuşlar təşkil etməsi ilə bağlı idi. Qiymətlərin əlçatanlığı onları çox maraqlandırdı. Hesab edirəm ki, bu yay mövsümündə BƏƏ-dən çoxsaylı turistləri qəbul edəcəyik. Bildiyimə görə, iyul ayından Moskvadan da Qəbələ hava limanına birbaşa uçuşlar başlayacaq.
- Sizcə, beynəlxalq tədbirlərdə, xüsusilə də turizm sərgilərində Azərbaycanın təbliği yetəri qədər həyata keçirilirmi?
- Dünyada 30-a yaxın tanınmış beynəlxalq sərgi keçirilir. Şirkət olaraq bunların əksəriyyətində, Amerikadan tutmuş Malayziyaya, Sinqapura, Çinə qədər hamısında iştirak etmişik. Azərbaycan da rəsmi şəkildə 15-ə qədər sərgiyə qatılır. Hər sərgiyə qatılmaq olar, amma onların hamısı uğurlu deyil. Məsələn, elə sərgi var ki, çox bahalı, tanınmış bir ölkədə keçirilir, lakin biz orada biznes əldə edə bilmirik. Sizə bir misal deyim. “Zakher Travel” olaraq London, Barselona, Berlin, Frankfurt şəhərlərində keçirilən sərgilərdə ayrıca stendlə təmsil olunmuşuq. Amma Dubay sərgisində keçirdiyimiz görüşlərdən əldə etdiyimiz nəticə bu 4 sərginin cəmindən çoxdur. Dubay sərgisini də, London sərgisini də eyni təşkilat təşkil edir. Amma bölgənin, ölkənin fərqi çoxdur. Azərbaycan da çalışır ki, turizm bazarında hədəf seçdiyi ölkələrdə keçirilən sərgilərdə iştirak etsin və nəticələr əldə etsin.
- Artıq işğaldan azad olunmuş ərazilərə turlar təşkil edilir. Sizcə, xarici turistlər üçün də Şuşaya, Xankəndinə, Laçına və digər rayonlara turlar təşkil etmək mümkündürmü?
- Yerli turizm şirkətləri ilə birlikdə Qarabağ bölgəsinə səfərlərimiz olub. Oranın turizm imkanlarını analiz etmişik. Əslində biz bu bölgəyə turlar təşkil etməyə hazırıq. Amma portalda qeydiyyat, postlardan keçərkən aparılan yoxlamalar xarici turistlərdə narahatlıq yaradar. Onlar özlərini rahat hiss etməzlər. Üstəlik, təhlükəsizlik məsələsi var. İnfrastruktur da lazımi səviyyədə deyil. Digər tərəfdən, bu turların həyata keçirilməsinə rəsmi şəkildə icazə verilməlidir. Nə vaxt bizə desələr ki, başlaya bilərsiniz, biz hazırıq.
- Ölkələr arasında turizm əlaqələrinin inkişafına, sizcə, siyasi münasibətlər, din faktoru nə qədər təsir edir?
- Din faktoru o qədər də rol oynamır. Amma siyasi münasibətlərin təsiri, bəli, var. İndi internet əsridir, ölkələr arasında baş verən ən xırda narazılıqlar belə ildırım sürəti ilə yayılır. Bu da istər-istəməz səyahət planı quran insanların seçiminə təsir edir.
Fəxriyyə ABDULLAYEVA