Mərakeşin turizm şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir


Mərakeş Krallığının 13 aparıcı turizm şirkətinin nümayəndəsinin Azərbaycana tanışlıq səfəri təşkil olunub.


Bu barədə AFN.az-a “Zakher” turizm şirkətinin rəhbəri Cəfər Qara məlumat verib. Onun sözlərinə görə, səfər Azərbaycanın Mərakeşdəki səfirliyinin, Türk Hava Yollarının, “Zakher” turizm şirkətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə layihəsi, Azərbaycan Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə reallaşıb. 3 gün davam edəcək səfər çərçivəsində mərakeşli qonaqlar Abşeron rayonunda yerləşən tarix-mədəniyyət abidələrinə, Qusardakı “Şahdağ” yay-qış turizm kompleksinə və Quba rayonuna tanışlıq turuna çıxacaqlar.

Mayın 23-də Mərakeş şirkətlərinin təmsilçiləri Azərbaycan Turizm Assosiasiyasında olublar. Qurumun rəhbəri Göydəniz Qəhrəmanov onlara ölkəmizin turizm imkanları, assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, “Zakher” turizm şirkəti uzun illərdir Körfəz ölkələrindən Azərbaycana turistlərin gətirilməsi ilə məşğuldur. Bundan başqa, Körfəzdən kənarda yerləşən ərəb ölkələri ilə də yaxından əməkdaşlıq qurulur. Cəfər Qara bildirdi ki, ötən ay Mərakeş Krallığında səfərdə olublar. Məqsəd bu ölkə ilə Azərbaycanın turizm əlaqələrinin daha da yaxınlaşmasına nail olmaqdır: “Bildiyiniz kimi, bu yaxınlarda Mərakeşlə Azərbaycanın xarici işlər nazirlikləri arasında vizasız rejimin tətbiqi ilə bağlı saziş imzalandı. Bu saziş iki ölkə arasında turizm əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq. İndi gündəmdə olan əsas məsələ Bakı-Rabbat birbaşa təyyarə reyslərinin təşkilidir”.

Məlumat üçün bildirək ki, hazırda Mərakeşdən Azərbaycana gələn turistlər asan viza alırlar. Bu ölkədən gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur. Belə ki, 2022-ci ildə Mərakeşdən Azərbaycana 1330 nəfər turist gəlib. Ötən il bu rəqəm 1740 nəfər olub. Bu ilin ötən 4 ayında isə ölkəmizə 694 nəfər iordaniyalı turist gəlib.


FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu