“Vitaminlərin faydası sübut olunmayıb” - Günay Rəsulovadan maraqlı açıqlama




AFN uşaqlar arasında ən çox yayılan mövsümi xəstəliklərlə bağlı pediatr Günay Rəsulovanın müsahibəsini təqdim edir.



- Payız aylarında uşaqlar arasında hansı xəstəliklər daha çox yayılır?

- Payızın gəlişi ilə mövsümi xəstəliklər artır. Uşaqların iqlim dəyişikliyinə adaptasiyası zəifdir. Buna görə də balacalar tez-tez xəstələnir. Həmçinin havalar soyuduğu üçün günün çox hissəsini qapalı ortamda keçirirlər. Xüsusən də uşaq bağçası və məktəblərdə xəstəlik törədən viruslar asanlıqla bir uşaqdan digərinə keçə bilir. Beləcə infeksiya çoxalır, epidemiya baş verir. Mövsümlə əladədar ən çox qrip, koksaki, herpes viruslarının yaratdığı xəstəliklər artır. Eləcə də sinusit (haymorit), revmatik, mədə-bağırsaq xəstəlikləri kəskinləşir.

- Qeyd etdiyiniz kimi, soyuq aylarda ən çox yayılan xəstəliklərdən biri də qripdir. Uşaqları bu infeksiyadan necə qorumaq olar?

- Qripdən qorumağın ən yaxşı yolu uşağı qripli xəstə ilə təmasdan saxlamaqdır. Tez-tez xəstələnən azyaşlılara qrip peyvəndi də vurmaq olar. Onu da qeyd edim ki, qripin müalicəsi yoxdur. Amma bu virusa yoluxmuş uşaq həkim nəzarətində olmalı, simptomatik müalicə almalıdır. Çünki bəzən qripdən ölümcül həddə çatan ağırlaşmalar da baş verə bilir. Simptomatik müalicə nədir? Məsələn, burun tıxanırsa, natrium-xlor, yaxud da zəif duzlu məhlulla burunu yumaq, qızdırması varsa, temperaturu aşağı salmaq kimi tədbirlər görülməlidir. Eləcə də bol maye, təmiz hava, vitaminli qidalar qəbul etmək faydalıdır.

- Dediniz qripin müalicəsi yoxdur. Amma bəzi həkimlər bu xəstəliyi sağaltmaq üçün antibiotik təyin edir.

- Qripin müalicəsi üçün antibiotikdən istifadə etmək əhəmiyyətsizdir. Çünki o infeksiyaya antibiotik təsir etmir. Lakin əgər ikincili bakterial infeksiya qoşulması varsa, o zaman təyin edirik.

- Çox vaxt xəstəliklərə qarşı uşaqların immun sistemini gücləndirmək üçün vitaminlər, şamlar təyin olunur. Bu vasitələr nə qədər effektivdir?

- Vitaminlərin xəstəliklərdən qorumağı, immunsistemi gücləndirməyi isbat olunmayıb. Odur ki, biz vitamini içməkdənsə, vitaminli qidalar yeyilməsini məsləhət görürük. Məsələn, uşağa balıq yağı verməkdənsə, balığın özünü yedirtmək tövsiyə olunur. Eləcə də yuxu rejiminə diqqət etmək, sağlam həyat tərzi önəmlidir.

- Bəs ev şəraitində qripə qarşı necə mübarizə aparmaq olar?

- Analar bu sualı bizə tez-tez verir: Uşaq xəstələnib, ev şəraitində necə sağalda bilərik? Əlbəttə mümkündür. Lakin qeyd etdiyim kimi, həkim nəzarətində olmağı şərtdir. Ev şəraitində çox maye vermək, təmiz havada gəzdirmək, vitaminli qidalar yeditmək faydalıdır. Qripin öz bitmə müddəti var. Sadəcə uşağın immunitetini gücləndirmək lazımdır ki, o dövrü rahatlıqla keçirsin.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu