“Azəriqaz”ın sayğacı 22,5 milyon dollar zərərlə işləyib – küllü miqdarda itki




Yeni smart qaz sayğacları istifadəyə yararsız çıxıb; abonentlərin şikayəti əsasında araşdırmalara başlanmıb və məlum olub...



“Azəriqaz” İstehsalat Birliyinin fərdi qaz istehlakçıları üçün quraşdırdığı yeni smart sayğaclarda ciddi problemlər var. Bununla bağlı redaksiyamıza müraciət edən Bakı şəhər sakinləri yeni sayğaclarla işləməyin çətin olduğunu, bu səbəbdən tez-tez sayğacların dayandığını bildirirlər. Vətəndaşlar müvafiq qaz idarələrindən mütəxəssis gələnədək saatlarla, bəzən günlərlə qazsız qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, faktiki olaraq yeni sayğaclarla normal qaz əldə etmək mümkün olmur. Sayğacın “dilinin” çətin olması ilə yanaşı, bir sıra digər problemləri də var ki, istehlakçılara çətinliklər yaradır.



Qeyd edək ki, yeni sayğacları “Azəriqaz” ötən il gətirib. Bununla bağlı ötən ilin noyabrında qurumdan verilən məlumata görə, gətirilən sayğaclar laboratoriyada yoxlanıb, iki dəfə sınaqdan keçirilib. Birinci sınaq mərhələsində aşkarlanan çatışmazlıqlar artıq aradan qaldırılıb: “Yeni sayğaclar bir çox üstünlüyü ilə fərqlənir. Məsələn, mobil telefona xüsusi proqram təminatı yükləməklə həmin telefon vasitəsilə balansı artırmaq mümkün olacaq. Əvvəlki sayğacların smart kartında çip sistemi var idi və balansı artırmaq üçün həmin kartı sayğaca daxil etmək lazım idi. Yeni sayğaclarda isə bu, belə deyil. Həmin sayğacların çipi smart kartın üzərində deyil, daxilində yerləşdirilib. Kartı sadəcə sayğaca yaxınlaşdırmaqla yüklənilən məbləği sayğaca köçürmək mümkündür”.

Qurum rəsmisi qeyd edib ki, günün qaranlıq saatlarında sayğac üzərində hər hansısa əməliyyat aparan zaman işıqlandırıcı cihaza ehtiyac qalmayacaq: “Yeni sayğac sensorlu ekranla təchiz edilib və sayğacın üzərindəki düyməni sıxmaqla ekran avtomatik işıqlanır. Yaxın vaxtlarda yeni sayğacların sınaq müddəti başa çatacaq və həmin sayğaclar yeni abonentlərin mənzil və obyektlərinə quraşdırılacaq”.

Maraqlıdır ki, bu qədər təriflənərək gətirilən sayğaclarda yaranan problemlər üzündən “Azəriqaz” onlardan faktiki olaraq imtina edib. Bununla bağlı bir həftə öncə yayılan məlumatda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verdiyi qeyd olunur. Bildirilir ki, “Azəriqaz” rəhbəri tərəfindən vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığı, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etdiyi, həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq belə bir qərar verilib.

Məlum olub ki, 2018-ci ildə sifariş verilən “İTRON” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi dayandırılıb. Və əvvəllər istifadə edilən, vətəndaşların fasiləsiz qaz təminatında problemə səbəb olmayan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul olunub. Mexaniki sayğacların xüsusiyyətinə görə, hər hansı texniki səbəbdən abonentlərin qaz təminatı dayandırılıb yenidən bərpa edildikdə, kartın bloka düşməsi kimi problem yaranmır.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov faktı təsdiqləyib. C.Səfərov bildirib ki, şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib: “Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq. Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, biz bu təklifləri dəyərləndirəcəyik”.

“Azəriqaz” rəhbəri R.Əliyev də smart sayğaclardan mexaniki sayğaclara qayıdış olacağını deyib: “Bu məsələ gündəmdədir. Bu məsələni gündəmə gətirmişik və üzərində işlər aparılır. Bu gün mexaniki sayğacların ödənişi ilə bağlı heç bir problem yaşanmır. Ona görə də növbəti illərdə mexaniki sayğaclara daha çox üstünlük vermək prosesinə başlayacağıq. 2020-ci ildən bu proses başlayacaq. Bunun müxtəlif səbəbləri var. Ən böyük səbəblərdən biri ödənişdə problem olmamasıdır. Əgər ödənişdə problem yoxdursa, bu sayğaclar üzrə yığım səviyyəmiz yüksəkdirsə, niyə mexaniki sayğaclardan istifadə etməyək?! Çünki mexaniki sayğacların qiyməti də digər elektron “smart” tipli sayğaclardan fərqlidir. Ona görə də bu, bizim ümumi iqtisadi göstəricilərimizə də təsir göstərəcək, qeyd etdiyimiz o dairəvi sistemin qurulmasını, təmir-bərpa işlərinin aparılmasını daha da sürətləndirəcək. Həmin maliyyəni digər işlərimizə yönəldərik”.

İB sədrinin sözlərinə görə, hazırda mexaniki və “smart” tipli sayğacların faiz nisbəti 45-55 faiz arasındadır: “Hazırda 1,3 milyon “smart” tipli, qalan 1 milyon isə mexaniki tipli sayğaclardır. Ancaq 2020-ci ildən başlayaraq bu nisbət dəyişəcək”.

R.Əliyevin sözlərinə görə, tamamilə mexaniki sayğaclara keçilməsi nəzərdə tutulmur: “Biz düşünürük ki, əvvəlcədən ödənişli sayğacları mənzillərin daxilində yerləşdirək. “Smart-kart” tipli sayğacların bundan sonra da tətbiq olunacağı yerlərdən biri də ödəniş qrafikinə riayət etməkdə çətinlik çəkən abonentlərin mənzilləridir. Yəni bəzi abonentlər var ki, onların ödəniş tarixçəsinə baxsaq, mexaniki sayğaclardan istifadə edərkən ödəmələri vaxtında yerinə yetirməyiblər. Hesab edirik ki, “smart-kart” tipli sayğac belə insanlarla münasibətdə həm sərfəli, həm də sivil mübarizə yoludur. Yəni kartına qoyduğun qədər vəsaitə uyğun qazı istehlak et. Digər abonentlərdə tam mexaniki sayğaclardan istifadə nəzərdə tutulur” (Report).

Vətəndaşların narazılıqlarından, “Azəriqaz” rəhbərliyinin məsələ barədə açıqlamalarından aydın olur ki, ötən il və bu ilin ötən dövründə ölkəyə gətirilən yeni tipli yüz minlərlə sayğac faktiki olaraq istifadəyə yararsızdır. Bu isə milyonlarla dollar dövlət vəsaitinin havaya sovrulması anlamına gəlir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya görə, 2018-ci ildə ölkəyə 11 milyon 806,28 min dollar dəyərində 169,028 min ədəd qaz sayğacı gətirilib. Bunun 106 min 760 ədədi Fransadan(8 milyon 562,1 min dollar) gətirilən İTRON tipli yeni smart sayğaclardır. Daha 50133 ədəd smart sayğac Slovakiyadan (1 milyon 679,88 min dollar), 6250 ədəd Çindən (149,97 min dollar), 5329 ədəd Albaniyadan (1 milyon 222,47 min dollar) və sair alınıb.

2019-cu ilin 9 ayında isə ölkəyə 16 milyon 627,13 min dollarlıq 254 min 279 ədəd qaz sayğacı gətirilib. Bunun 157 min 958 ədədi Fransadan (13 milyon 984,38 min dollar), 94 min 64 ədədi isə Çindən (2 milyon 251,23 min dollar) gətirilib.

Göründüyü kimi, ötən il Fransadan gətirilən sayğacların 1 ədədi təxminən 80 dollara, Slovakiyadan 33,4 dollara, Çindən gətirilən mexaniki sayğaclar isə 23,9 dollara başa gəlib. Bu il isə Fransadan bir sayğacı 88,5 dollara, Çindən isə 23,9 dollara alınıb. Maraqlıdır ki, Çindən gətirilən mexaniki sayğacların qiymətində dəyişiklik olmasa da, Fransadan alınanlarda 8 dollardan yuxarı bahalaşma qeydə alınıb. Bu sayğacların istifadəyə yaramaması üzündən ötən il və bu ilin 9 ayında onların alınmasına sərf olunan 22 milyon 546,48 min dolları “Azəriqaz”ın xalis itkisi də hesab etmək olar… (“Yeni Müsavat”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu