Xərçəngdən qorunmaq üçün nə etməli? – Nobel mükafatçısı Aziz Sancarla – MÜSAHİBƏ




Akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı, kimya sahəsi üzrə Nobel mükafatı laureatı Aziz Sancar 1946-cı ildə Türkiyə Cümhuriyyətinin Mardin şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsindən birinciliklə məzun olub. 1977-1982-ci illərdə ABŞ-ın Yel Universitetinin tibb fakültəsində çalışıb. 1997-ci ildən etibarən Çapel-Hill Şimali Karolina Universitetinin Tibb fakültəsində çalışır. O, son 20 ildə DNT-nin bərpası mexanizminin böyük hissəsinin öyrənilməsində istifadə edilən biokimyəvi metodları inkişaf etdirməsi ilə tanınır.



AFN Qazet.az-a istinadən Aziz Sancarla müsahibəni təqdim edir…

– Dəyərli professor Aziz Sancar, əvvəlcə müsahibə dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik.

Əleyküm salam, dəyərli qardaşım Tehran Orucoğlu. Bütün azərbaycanlı türk bacı və qardaşlarımı sonsuz sevgi və ən xoş diləklərimlə salamlayıram. Təşəkkür edirəm.

– Təşəkkür edirəm. İcazənizlə suallarımıza keçmək istəyərdim.


- Aziz bəy, son zamanlar dünya qlobal pandemiya təhlükəsi ilə qarşı-qarşıyadır. Koronavirus səbəbilə 650 mindən çox insan həyatını itirib. Minlərlə insan hazırda xəstəxanalarda sözügedən xəstəliklə mübarizə aparır. Azərbaycanda da vəziyyət eynidir. Bu xəstəliyin peyvəndinin tapılması istiqamətində görülən işləri necə dəyərləndirirsiniz? Bu xəstəlik danışıldığı qədər qorxuludur?


Koronavirus doğrudan da qorxulu xəstəlikdir. Xüsusən, 50 yaş üzərində olanlar üçün ölüm riski böyükdür. Mən yoluxucu xəstəliklər üzrə mütəxəssis deyiləm. Ona görə xəstəliyin qarşısını almaq üçün aparılan işlərlə bağlı danışmağım düzgün olmaz. Lakin koronavirus qorxulu xəstəlikdir.

- Dünyada bir çox sahədə uğurlar əldə edilir. Robotlaşdırma, elm, səhiyyə sahələrində xeyli inkişafa nail olunub. Lakin hər kəsi düşündürən bir mövzu var. Pandemiya bitdikdən sonra dünyada nələr dəyişəcək?

Robotlar, süni intellekt və s. mövzularda önəmli nailiyyətlərin əldə edildiyini mediadan oxuyuram, öyrənirəm. Ancaq diqqətimi öz işlərimə verdiyim üçün bu mövzuda fikir söyləyəcək qədər məlumatlı deyiləm. Bu nailiyyətlər insanlığı hara aparır? – Sözün düzü, bilmirəm.


“Azərbaycanlı bacı-qardaşlarım siqaret çəkməyi unutsalar, xərçəng xəstəliyinin 30%-nin qarşısını ala bilərlər”.



- DNT-nin bərpası ilə bağlı gördüyünüz işlərə görə amerikalı Paul Modriç və isveçli Tomas Lindal ilə birlikdə 2015-ci ildə kimya sahəsi üzrə Nobel mükafatına layiq görülmüsünüz. Nukleotid eksizasiya bərpası pozğunluğu ilə dəri xərçəngi arasında birbaşa əlaqə tapmağa nail olmuşdunuz. Hazırda araşdırmalarınız hansı mərhələdədir?

Mənim nukleotid eksizasiya bərpası pozğunluğu üzrə araşdırmalarım təkcə dəri xərçəngi ilə bağlı deyil. Bu tədqiqatlar ağciyər, qaraciyər və digər daxili orqanlarda xərçəngin qarşısını almaq baxımından vacibdir. Azərbaycana gələndə də demişdim, yenə də təkrar etmək istəyərdim ki, azərbaycanlı bacı-qardaşlarım siqaret çəkməyi unutsalar, xərçəng xəstəliyinin 30%-nin qarşısını ala bilərlər. Buna görə də, xərçəngdən qorunmaq müalicədən daha asandır. Bir daha xahiş edirəm: Siqaret çəkməyin. Mənim nukleotid eksizasiya bərpası mexanizmim xərçəngə səbəb olan maddələrin vurduğu zərərin qarşısını almaqdan əlavə, xərçəng hüceyrələrini öldürən Cisplatin və oxşar dərmanların vurduğu ziyanı da bərpa edir. Hazırda “Cisplatin günün hansı saatında verilsə, xərçəng hüceyrələrini daha yaxşı öldürər və mənfi təsiri olmaz?” mövzusu üzərində çalışırıq.

- Dünyada xərçəng xəstəliyinə tutulan insanların sayı artmaqdadır. Əslində, az əvvəl bu suala cavab verdiniz. Lakin bir daha soruşmaq istərdim – xərçəngə tutulmamaq üçün nə etməliyik?

Sağlam yaşamaq həm xərçəng, həm də başqa xəstəliklərdən qorunmağın ən bəsit yoludur. İnkişaf etmiş ölkələrdə də, Türkiyə və Azərbaycanda da ürək-damar xəstəliklərindən ölümə görə rəqəmlər kifayət qədər yüksəkdir. Bunun qarşısını almaq isə nisbətən asandır. Sağlam qidalanın, çəkinizi normal çəkinin üstünə çıxarmayın, idman edin və hər gün ən azı 5 kilometr yürüşə çıxın. Uzun və sağlam həyat yaşamağın heç də böyük olmayan sirri budur.

- Xərçəng xəstəliyi ilə bağlı sizin kimi dəyərli elm adamları yeniliklərə imza atır. Lakin dərmanın tapılması ilə bağlı müxtəlif xəbərlər də var. Hazırda bu xəstəliklə əlaqədar ümumi işlər hansı yerdədir?


Xərçəngin müalicəsi üçün yeni üsullar inkişaf etdirilir. Ancaq 100-dən çox xərçəng növü var və hamısını müalicə edəcək dərmanın tapılması mümkün deyil. Çünki hər növ xərçəng hüceyrələrin müxtəlif mexanizmləri ilə əlaqəsiz çoxalmasından yaranır. Xəstəliyin müalicəsi də o mexanizmlərə müdaxilə etməklə mümkün olur. Bu səbəbdən də hər növ xərçəngin müalicə edilməsi daha çox zaman alır. Amma təkrar söyləyirəm: Bu işin asan yolu var. O da sağlam yaşamaqdır. Siqaret çəkmə, artıq çəkili olma, aktiv və hərəkətli ol!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu