İcra başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini rədd edən sahibkarın obyekti dağıdıldı - FOTO, VİDEO


Binəqədi rayon İcra hakimiyyəti başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini şəhidlərə hörmətsizlik kimi qarşılayan sahibkarın obyekti buldozerlə dağıdılıb.



Yenicag.az xəbər verir ki, “Qafqaz” nəqliyyat şirkətinin Xırdalanda “Daş bazarı” deyilən ərazinin yaxınlığındakı qəbristanlığa bitişik torpaq sahəsində işçilər üçün qoyulmuş vaqon Binəqədi Rayon İcra hakimiyyətinin göstərişi ilə darmadağın edilib.

Əldə etdiyimiz məlumata əsasən, “Qafqaz” nəqliyyat şirkəti sözügedən ərazini Biləcəri qəsəbə bələdiyyəsindən 222 min manata alıb. Şirkətin rəhbəri Əmirli Rəşid Cümşüd oğlunun sözlərinə görə, dağıdılan obyekt bir il öncə inşa edilib:

“İşçilərin rahatlığı üçün sahəyə vaqon qoymaq istədim. Mənə dedilər ki, 40 ədəd zibil qutusu al, icazə verək. 370 manatdan 40 ədəd zibil yeşiyi aldım, ondan sonra vaqon üçün icazə verdilər”.

“Qafqaz” nəqliyyat şirkəti Vətən Müharibəsi dövründə bütün TIR-ları ilə cəbhə bölgəsinə zəruri ləvazimatlar daşımaqla məşğul olub. Obyektinin dağıdılmasına gəldikdə isə Rəşid Əmirli bunları deyib:

“Bir neçə gün öncə mənə bildirdilər ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 5 şəhid məzarının üstünün götürülməsini tələb edib.

Obyekti alandan bəri nə zaman pul istəyiblər, vermişəm. Ancaq şəhid məzarının üstünün götürülməsini qəbul edə bilməzdim. Şəhid məzarının üstünün götürülməsi rüşvət üçün vasitə ola bilməz. Bunu deyənlərə bildirdim ki, onsuz da şəhid ailəri və qazilər üçün əlimdən gələni edirəm, şəhid məzarının üstünü də götürərəm, ancaq bunu rüşvət kimi etmərəm.

Bunun ertəsi günü gəldilər obyektimi uçurmağa. Səbəbini soruşanda dedilər ki, Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev və onun birinci müavini İlqar Süleymanovun göstərişidir.

Təsəvvür edin, şəhid məzarının üstünü rüşvət kimi götürməyi qəbul etmədiyim üçün icra hakimiyyətinin başçısı obyektimi darmadağın etdi. Şəhid məzarının üstünü götürmək niyə rüşvət predmeti olmalıdır, bunu anlaya bilmirəm. Bu yanaşma şəhidlərimizə, onların ruhuna hörmətsizlikdir”.

Rəşid Əmirli bildirir ki, icra başçısının göstərişi ilə əraziyə gələnlər elə bil, erməni obyektinə basqın edirdilər:

“Hər yerə polisləri düzmüşdülər, obyektimə qarşı sanki əməliyyat həyata keçirirdilər. Elə bil, erməni əsirliyində idik. Heç vaxt etdiyim əməli deməzdim, ancaq müharibə vaxtı könüllü müraciət etdim, aparmadılar, mən də 16 sürücümlə birlikdə cəbhəyə mərmi, təkər daşıdım.

Ancaq hansısa icra başçısı, onun müavini üstünə düşən işi mənim boynuma qoymaq istədi, buna etiraz etdikdə isə o qədər xidmətlərimi heçə sayaraq, qanuni obyektimi yerlə bir etdilər. Bu qanunsuzluğa son qoyulması üçün ölkə rəhbərliyindən yardım istəyirəm”.



















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu