"Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur" - İnfeksionistdən XƏBƏRDARLIQ


Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Digər tərəfdən artıq havalar isinir və maskadan istifadə etmək çətinləşir, xüsusilə açıq havada. Əhalinin əksəriyyəti açıq havada maskaya ehtiyacın olmadığını və bunun oksigen çatışmazlığına səbəb olacağını bildirərək maska ilə bağlı cərimələrin yığışdırılmasını istəyir.



Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə isə Sfera.az-a açıqlamasında deyib ki, maska nə qədər mənfi təsirlərə yol açırsa, koronavirus ondan yüz qat daha artıq mənfi təsirlərə səbəb olur:

"Ona görə ən yaxşı çıxış yolu maskanın taxılmasıdır. Havaların isinməsi o demək deyil ki, koronavirus infeksiyası yay aylarında müşahidə edilməyəcək. Ötən yaya nəzər salsaq, görərik ki, ən isti zamanlarda belə koronavirus infeksiyası tüğyan edirdi. Bu baxımdan maskanın taxılması pandemiyanın sonuna qədər olmalıdır. Açıq və ya qapalı məkanlarda maskanın taxılması barədə Operativ Qərargahın konkret qərarı var. Bu qərar izah olunmur, icra olunur. Qərar cəmiyyətin bütün nümayəndələri üçün verilib ki, hamı buna riayət etsin. Qarşıdakı insan əgər maska taxmırsa, digər şəxsin yoluxmasına səbəb olacaq, o da digərlərini yoluxduracaq, nəhayət dolayı yolla cəmiyyətin yoluxmasına təsir edəcək. Hər kəs maskadan istifadə etməlidir. Pandemiyada yoluxma zəncirini qırmaq üçün hamı həmrəy olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, koronavirusla bağlı yoluxmaların sayının artması gözlənilən idi:

"Hətta fevral ayından artımın başlayacağını düşünürdüm. Səbəb isə məktəblərin, universitetlərin , kafe-restoranların və digər obyektlərin açılması idi. Amma artmaların payız aylarındakı kimi dörd rəqəmli saya çıxması ola bilsin ki, baş verməsin. Qabaqcadan epidemik proqnoz vermək düzgün deyil. Say artacaqsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur. Bundan əvvəl də üç dəfə sərt qapanmalara gedildi. Bundan sonra da yoluxma sayı artarsa, hər dəfə qapanmalar olacaq deyə düşünürəm. Ona görə də hökumət deyir ki, vaksinasiyadan istifadə edək, yoluxmaları azaldaq və verilən qərarları icra edək. Bütün bunlar insanların xeyrinədir. Görürsünüz, karantin qaydaları nisbətən yumşalan kimi yoluxmalar artır. Təbii ki, gözləniləndir ,çünki cəmiyyətdə virus var, yayılmaqda davam edir”.

V.Cavadzadənin sözlərinə görə, martda yoluxmaların sayında artım olacaq:

"Qarşıda bayramlar – 8 Mart, Novruz bayramı gəlir. Bunların hamısı insanların bir-birilə ünsiyyətinin olmasına səbəb olur. Yəni insanlar daha çox bir yerə yığışır və belə olan halda, yoluxmalar artır. Tövsiyə edirəm ki, bir yerə yığılmasınlar, bir-birilə ünsiyyətdə olmasınlar. Başa düşmək olar ki, bayramdır. Amma nəzərə almaq lazımdır ki, pandemiya hələ davam edir. Əgər biz ciddi qapanmaya, SMS icazəyə getmək istəmiriksə, bayramı evdə keçirməliyik. Bayramdan sonra qapanma olarsa, havanın isti vaxtlarında küçədə çıxıb gəzə bilməyəcəyik”.

Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu