İqtisadçı ekspert Prezidentin köçkünlərə müraciətini şərh etdi


"Şəhər və qəsəbələrimizin bərpası mərkəzləşdirilmiş plan üzrə aparılmalıdır".



Bunu iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı köçkünlərə müraciətini şərh edərkən deyib. Ekspert bildirib ki, qlobal olaraq məsələ məcburi köçkünlərdən yox, Azərbaycan əhalisinin ümumi istəkləri, oradakı iqtisadi fürsətlər və yaradılacaq şəraitdən asılı olmalıdır: "Məcburi köçkünlərin çoxu dədə-baba yurduna köçməyə ümid etdir. Amma məsələ orada insanların istəyindən daha çox yaradılacaq iqtisadi fürsətlərdən asılı olmalıdır. Onlar köçəndən sonra nə işlə məşğul olacaqlar, necə pul qazanacaqlar".

Natiq Cəfərli qeyd edib ki, hər bir kəndin ayrıca bərpasına ehtiyac yoxdur:

"Çünki sayı az və bir-biri ilə yaxın məsafədə olan kəndlərimiz var. Onların ayrı-ayrılıqda bərpası əlavə resurs, həm də iqtisadi cəhətdən səmərəli deyil. Kəndləri birləşdirərək böyük qəsəbələr yaradılması, orada iqtisadi fürsətlərin genişləndirilməsi, təşviq paketlərinin olması vacibdir. Bundan sonra proses könüllülük prinsipi ilə aparılmalıdır".

İqtisadçı hesab edir ki, ilk olaraq müvəqqəti mənzillə təmin olunmuş ailələrin köçülülməsi gündəmə gələcək:

"Çünki onlar mülkiyyətçi deyillər. Prezident də çıxışında bildirdi ki, həmin mənzillərin gələcəkdə şəhid və qazi ailələrinə verilməsi məsələsi qərara bağlana bilər. Güman ki, ilk öncə həmin ailələrlə bağlı müəyyən qərarların alınması gözlənilir. Amma ümumilikdə istəlinən Azərbaycan vətəndaşı konstitusiyaya görə sərbəst şəkildə ölkə ərazisində yaşaya bilər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edib. Prezident çıxışında "Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik", - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu