Gürcüstan hökuməti Azərbaycanın qlobal layihələrinə qarşı ciddi maneçiliklər yaradırdı - ekspert


"Həm 10 noyabr, həm də dünən Moskvada baş tutan görüşdə imzalanan bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır".



AFN xəbər verir ki, bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O vurğulayıb ki, indiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi: "Kifayət qədər də çətinliklərlə başa gəlirdi. Son anlaşmalara görə, artıq Azərbaycan Ermənistan ərazisindən, Mehri rayonundan istifadə eməklə Naxçıvana koridior əldə edir. Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır. Belə olan halda maraqlı sual ortaya çıxır. Bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xətlətrinin Gürcüstan üzərindən, yoxsa Ermənistan üzərindən məlum koridorla Türkiyəyə istiqamətlənməsi sərfəli olarmı? Əlbəttə, xərclər baxımından ikinci variant daha məqbuldur".

Osman Gündüz son zamanlar Gürcüstan hökumətinin Azərbaycanın qlobal layihələrinə qarşı ciddi maneçiliklər yaratdığını qeyd edib: "Məlumdur ki, AzerTelecom şirkəti "Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan "Azerbaijan Digital Hub” proqramı çərçivəsində Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutan qlobal layihə icra edir. Bu məqsədlə artıq Xəzərin dibi ilə fiber optik xətt çəkilməsini nəzərdə tutan TransXəzər layihəsi üzrə Qazaxstan və Türkmənistan ilə hökumətlərarası müqavilələr bağlanıb. AzerTelecom 2019-cu ildə bu layihənin icrası məqsədilə, Qara dənizin dibi ilə optik xəttə sahib olan Gürcüstanın "Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərini, bütün mövcud proseduralara əməl etməklə alır. Lakin Gürcüstan hökuməti sonradan, qanunvericiliyə dərhal dəyşiklik edərək bu müqaviləni şübhə altına salır, Azərbaycana məxsus olan şirkəti qanunsuz yolla ələ keçirir. İndiyədək də Azərbaycan və bütün region üçün əhəmiyyətli olan bu qlobal layihənin reallaşmasına imkan vermir. Xatırlayıram ki, Gürcüstan tərəf öz maraqları üçün Bakı-Tbilisi-Ceyhan və digər kommunikasiyalarda da bizə xeyli maneçiliklər ediblər".

Osman Gündüz hesab edir ki, Ermənistan koridoru Azərbaycan, Türkiyə üçün də yeni kommunikasiyalar baxımından daha üstün və daha əlverişli şərait yarada bilər: "Fikrimcə, Gürcüstan tərəf üç dövlət arasında dünən baş tutan razılaşmadan sonra itirəcəklərini anlayaraq Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək. İstənilən halda, düşünürəm ki, AzerTelecom şirkətinin adı çəkilən qlobal layihənin TransXəzər hissəsinin davamını Gürcüstan vasitəsilə Qara Dənizin dibi ilə deyil, elə yeni yaranan Ermənistan koridoru boyunca da davam etdirilməsi məsələsini nəzərdən keçirməsi indiki anda doğru olardı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu