Azərbaycan üzərindən Ermənistana qaz xətti - Siyasi, iqtisadi baxış


Azərbaycan üzərindən Ermənistana gedəcək qaz boru xəttinə görə "Qazprom” ölkəmizə ümumi həcmin müəyyən faizi qədər tranzit xərci ödəməlidir”.


Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya qazının Azərbaycan üzərindən Ermənistana nəql olunmasının iqtisadi tərəflərindən danışarkən deyib. Ekspert bildirib ki, Rusiya qazı Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində uzun illərdir ki, Gürcüstan üzərindən Ermənistana nəql olunurdu: "Gürcüstanla Rusiya arasında olan problemləri də nəzərə alaraq bu, zaman-zaman müxtəlif münaqişələrə səbəb olub. Həm tranzit xərcləri, həm də keçid həcmi ilə bağlı müəyyən problemlər yaşanırdı. Hərbi qələbədən sonra regional əməkdaşlığın genişləndirilməsi qarşıya məqsəd kimi qoyulubsa, Rusiyadan Ermənistana gedəcək qazın Azərbaycan üzərindən keçməsi Azərbaycanın xeyrinədir. Düzdür, bu, cəmiyyətdə psixoloji olaraq birmənalı qarşılanmır. Artıq biz bu kompleksləri aşmalıyıq. Hərbi qələbədən sonra regional əməkdaşlığa daha çox önəm verən ölkə Azərbaycan olmalıdır. Nəticə etibari ilə həm demoqrafik, həm də iqtisadi-siyasi üstünlüklərimizdən istifadə edərək regional əməkdaşlığın genişləndirilmsi və qələbənin oturuşması üçün bundan istifadə edilməlidir”.

Natiq Cəfərli hesab edir ki, Ermənistana gedən qaz kəmərinin Azərbaycan üzərindən keçməsi Azərbaycan üçün əlavə təsir mexanizmləri yaradır: "Ermənistan tərəfindən hansısa bir qeyri-adekvat, təcavüzkar addımlar atılmağa cəhdlər olarsa həmin boru xəttindən təzyiq vasitəsi kimi istifadə etmək olar”.

Tranzit xərclərinə gəlincə, iqtisadçı bunun konkret qiymətinin olmadığını vurğulayıb: "Ölkələr arasında danışıqlardan asılıdır. Məsələn, Gürcüstan Ermənistana gedən qazın Gürcüstan üzərindən keçməsinə görə həcmin 10%-i qədər tranzit xərci götürülürdü. 1 milyon kub metr qaz Rusiya tərəfindən Ermənistana ötürülürdüsə, bunun 100 milyon kub metr qazı Gürcüstana qalırdı. Buna bənzər bir tarif siyasəti həyata keçirmək olar”.

Məsələyə siyasi qiymət verən politoloq Fərhad Mehdiyev isə hesab edir ki, bu qaz kəmərinin tikilib istifadəyə verilməsindən ən çox Rusiya udacaq: "Gürcüstandan asılı vəziyyətdə qalmayacaq. Onun qazı nəql etmək üçün iki alternativ yolu olacaq. Düşünürəm ki, böyük ehtimalla Azərbaycan üzərindən Ermənistana qaz nəql edən kəmərin buraxılış həcmi, ola bilisn ki, Gürcüstandakı qədər olmasın. Gələcəkdə də heç də istisna olunmur ki, müəyyən şərtlər daxilində qaz nəqli Gürcüstan üzərindən deyil, Azərbaycan üzərindən həyata keçirilsin. Onu da Rusiya belə əsaslandıracaq ki, Gürcüstanın tranzit qiymətləri çox bahadır, Azərbaycan bunu daha ucuz edir. Nəticədə də erməni istehlakçısı qazı daha ucuz alır. Bu şəkildə böyük ehtimalla ermənilər razı salına biləcək. Birincisi, bu, Ermənistanı bizdən bir az da asılı vəziyyətə gətirəcək. İkincisi, Ermənistanın bizimlə barışması üçün bir az da münbit şərait yaradacaq".

Qeyd edək ki, Rusiya qazı Ermənistana "Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu