2020-ci ildə turizmin zərəri 2 trilyon ABŞ dollarından çoxdur


2019-cu ilin dekabrından dünyada yayılmağa başlayan koronavirus təkcə ölüm səviyyəsinə deyil, beynəlxalq iqtisadiyyata vurduğu zərərin miqyasına görə də bəşəriyyət tarixinin ən qaranlıq səhifələrini yazmaqdadır. İl yarımdır davam edən virus dəhşətinin yaratdığı fəsadlar, mütəxəssislərin fikrincə, hələ illərlə özünü göstərəcək. Dünya iqtisadiyyatını diz üstə gətirən virus 200-dən artıq ölkədə yayılıb, nəhəng işsizlər ordusu yaradıb, insanların maddi, mənəvi-psixoloji durumunu ağırlaşdırıb.


COVİD-19 pandemiyasının ən çox zərbə vurduğu sahələrdən biri də turizmdir. Bunun da əsas səbəbi o idi ki, bu sahə insanların bir ölkədən digərinə səfəri ilə birbaşa bağlıdır.

Ötən müddət ərzində turizm fəaliyyəti ilə məşğul olan müxtəlif beynəlxalq qurumlar yaranmış vəziyyətdən turizmin nisbətən az itki ilə çıxması ilə bağlı araşdırmalar apardılar, dövlətləri bu sahəyə dəstək olmağa çağıran bəyanatlar yaydılar.

Dünyada turizm üzrə ixtisaslaşmış ən böyük təşkilat olan BMT-nin Dünya Turizm Təşkilatı da pandemiyanın ilk mərhələsindən mütəmadi olaraq hesabatlar hazırlamağa başladı. Müxtəlif data analizlər apardı, dövlətləri, təşkilatları turizmlə bağlı məlumatlandırdı, onları bu sahəyə dəstək olmağa çağırdı.



Dünya turizmində 74% azalma baş verdi

“Skal İnternational” beynəlxalq turizm peşəkarları ittifaqının Bakı klubunun (“Skal Baku”) prezidenti Ceyhun Aşurov da AFN-ə açıqlamasında bizimlə həmrəy olduğunu bildirərək qeyd etdi ki, həqiqətən də pandemiyanın dünyada ən çox zərər vurduğu sahə turizm sahəsi oldu. Onun fikrincə, mövzu insan sağlamlığının qorunmasından gedirsə, atılan ilk addım insanların bütün səfərlərdən imtina edərək özlərini izolyasiya etməsi olur: “Dünya Turizm Təşkilatının hesabatında da qeyd olunur ki, COVİD-19 səbəbindən 2020-ci ildə dünya turizmində 74% azalma baş verdi. Bu rəqəm müxtəlif regionlar üzrə dəyişir. Məsələn, əgər Amerika və Avropada azalma faizi nisbətən aşağı rəqəmlə ifadə olunursa, Asiya və Sakit Okean regionunda bu göstərici 84%-ə çatdı. Bu da dünya turizm barometrinə görə 2020-ci il üzrə ixrac gəlirlərinə təsir etdi. Təkcə ixrac gəlirlərindən dünya turizminin 2020-ci ildə itirdiyi vəsait 1.3 trilyon ABŞ dollarına bərabərdir. Bu, 2009-cu ilin iqtisadi böhranından təxminən 11 dəfə daha çox idi. Bu da çox ciddi göstəricidir. Ümumilikdə isə 2020-ci ildə turizmin zərəri 2 trilyon ABŞ dollarından çoxdur. “Skal İnternational” dünyada turizm peşəkarlarını birləşdirən və turizmin bütün sferalarını əhatə edən bir təşkilatdır. Təşkilat Dünya Turizm Təşkilatı ilə yaxından əməkdaşlıq edir. Bu təşkilat da digər beynəlxalq turizm qurumları kimi dövlətləri bu sahəni xilas etməyə çağırırdı”.

“Skal Baku” üzvləri ilə onlayn görüşlər təşkil edir

Ceyhun Aşurovun sözlərinə görə, 2020-ci ildə COVİD-19 virusunun təsiri ilə turizm sahəsində 120 milyona yaxın iş yeri risk altına girdi. İnsanlar işlərini itirdi, sərhədlər bağlandı, insanlar izolyasiya şəraitində yaşamağa məcbur oldu: “Dünyada bəzi məhdudiyyətlər hələ də qalır. Hazırda 2021-ci ilin fevral ayına olan məlumata görə, dünyada mövcud olan 217 turizm destinasiyasından 32%-i, təxminən 70-ə yaxını beynəlxalq turizmə hələ də qapalıdır. Asiya və Sakit Okean hövzəsində təxminən 30 turizm mərkəzi, Avropada 15, Afrikada 11, Amerikada 10, Orta Şərqdə 3 nəhəng destinasiya bu gün turist qəbul etmir”.

Qurum rəhbəri bildirdi ki, “Skal İnternational” turizm peşəkarları ittifaqı da digər qurumlar kimi ciddi sınağa çəkildi pandemiya dövründə. Bu gözlənilməz sınağı aşmaq üçün də ən birinci yol iştirakçıların bir-birinə dəstək verməsidir: ““Skal İnternational” bu dövr ərzində mütəmadi olaraq öz üzvlərini online vebinarlar, görüşlər, toplantılar vasitəsilə bir araya gətirməyə çalışdı. Dünyanın 100-ə yaxın ölkəsində 14 minə yaxın SKAL klubu var. “Skal Baku” klubu da öz üzvləri ilə əsasən online formatda görüşə bildi, belə bir vəziyyətdə də bəzi məlumatları online vebinarlar, seminarlar vasitəsilə paylaşmağa çalışdıq. Bu toplantılarda vəziyyətdən çıxmaq üçün beynəlxalq təcrübələrin öyrənilib bizdə də tətbiq edilməsi məsələsini müzakirə etdik. Bundan əlavə, öz üzvlərimizə də mövcud yeniliklər, trendlər haqqında məlumatlar çatdırdıq”.

Fəaliyyətimizi müəyyən şərtlər daxilində davam etdirməliyik

Ceyhun Aşurov onu da bildirdi ki, əsas məsələ turizmin sağlam bir şəkildə bərpasına nail olmaqdır. Mütəxəssis yaranmış durumda turizm sahəsinin bərpasının elə də asan olmayacağını bildirdi və vəziyyətdən çıxış yollarını göstərdi: “Ümid edirik ki, vaksinasiya genişləndikdən sonra sərtləşmə müəyyən qədər aradan qaldırılacaq, dünyadakı yumşalmalar Azərbaycana da öz təsirini göstərəcək. Bir çox ekspertlər bu fikirdə həmrəydir ki, insan sağlamlığı vacibdir. Bununla bağlı lazımi tədbirlər görülməlidir. Lakin burada optimal qızıl orta xəttə diqqət yetirilməlidir ki, həddən artıq sərtləşmə iqtisadiyyatda tormozlanma yaradır. Ona görə də uzunmüddətli qapanmalar heç də yaxşı nəticələr verməyə bilər. Bu da bumeranq effekti olaraq geriyə müxtəlif sosial və biznes sahəsində yaranan problemlərlə dönə bilər. Bütün bunların nəticəsi olaraq turizm sahəsində yenidən bərpa prosesi çox çətin ola bilər. Ona görə də “Skal Baku” klubu olaraq, hər zaman təklif edirik ki, müxtəlif qaydalara riayət etməklə biznesi mümkün qədər dayandırmamaq lazımdır. Turizm sahəsində də fəaliyyətimizi müəyyən şərtlər daxilində davam etdirməliyik. Əgər ölkə sərhədləri bağlıdırsa, xaricdən turist gəlmirsə, daxili turizmi inkişaf etdirmək olar. Bunun üçün öz vətəndaşlarımızın regionlara səfərlərini reallaşdırmaq mümkündür. Eyni zamanda müəyyən şərtlər daxilində ölkəyə digər ölkələrdə olduğu kimi, xarici vətəndaşların test yoxlamasından keçdikdən sonra gəlişini təşkil etmək olar. Ümid edirik ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Sevindirici haldır ki, aprelin 1-dən etibarən Azərbaycan və qardaş Türkiyə vətəndaşları səxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri reallaşdıra biləcək. Bu, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də çox yüksək nəticələrin əldə olunmasına şərait yaradacaq”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu