“Azərenerji” şəffaflıq və hesabatlılığı nə zaman təmin edəcək?


Azərbaycanda fəaliyyəti diqqət mərkəzində olan iri dövlət müəssisələrindən biri də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətidir. Daim fəaliyyətindəki qapalılıq, qeyri-səmərəlilik və digər problemlərlə gündəmdə olan ASC Azərbaycanda mövcud olan bütün enerji istehsalı müəssisələrinin idarəetməsini həyata keçirir. Bu isə onun fəaliyyətində səmərəliliyi təmin edəcək müasir idarəetmə, şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunmasını zəruri edir.




İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə standartlar müəyyənləşdirilib: “Nazirlər Kabinetinin 257 saylı Qərarı (04.06. 2019) səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qayda və standartları müəyyən edir. Sənəddə səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin standartları kimi aşağıdakılar müəyyən edilib: dövlət tərəfindən səhmdar funksiyasının effektiv şəkildə icrası; effektiv fəaliyyət göstərən Müşahidə Şurasının (Direktorlar Şurası) təşkili; səhmdar cəmiyyətin fəaliyyətinin şəffaflığının təminatı; səmərəli və çevik icra sisteminin təşkili; risklərin effektiv idarə edilməsi sisteminin formalaşdırılması; korporativ idarəetmə prinsiplərinə riayət olunmasının təşkili; korporativ sosial məsuliyyət. Qaydalara görə, dövlət SC-lərinin fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Direktorlar Şurası yaradılmalı, beynəlxalq tələblərə uyğun maliyyə hesabatları tərtib edilməli və açıqlanmalıdır”.
Müşahidələr göstərir ki, “Azərenerji”nin idarəetməsində bu standartların böyük əksəriyyətinə əməl olunmur: Direktorlar Şurası formalaşdırılmayıb(bu barədə qurumun İnternet saytında və açıq mənbələrdə hər hansı məlumata rast gəlmədik), şəffaflıq prinsipləri gözlənilmir və sair. Məsələn, “Azərenerji” hələ də 2019-cu il üzrə maliyyə hesabatını açıqlamayıb. İnternet resursunda 2018-ci il üzrə hesabatın yalnız 7 səhifəsi yerləşdirilib. R.Ağayevin sözlərinə görə, bu, “Mühasibat uçotu haqqında” qanuna ziddir: “Mühasibat uçotu haqqında” Qanunun 8-ci maddəsi ictimai əhəmiyyətli qurumların öz maliyyə hesabatlarını beynəlxalq mühasibat uçotu standartlarına uyğun hazırlanmasını və yayılmasını tələb edir. Bu standartlara görə, maliyyə hesabatları maliyyə riskləri və onların idarə edilməsi, əlaqəli tərəflərlə əməliyyatlar, pul vəsaitləri və onların ekvivalentləri, ticarət və sair kreditor borcları, borc öhdəlikləri, cari və uzunmüddətli aktivlər, əmlak, tikili və avadanlıqlar, gəlirlərin kateqoriyalar üzrə analizi, ödənilən vergilər, xərclərin kateqoriyalar üzrə analizi, asılı müəssisələrə investisiyalar, kapitalda dəyişikliklər, fəaliyyət seqmentləri üzrə maliyyə məlumatları, maliyyə gəliri və maliyyə xərcləri və s məlumatları özündə əks etdirməlidir. Lakin “Azərenerji” qanunun bu tələbinə əməl etməyərək, hesabatdakı maliyyə göstəricilərini izah edən bölmələri ictimaiyyətə açıqlamır. Buna görə də məsələn, ASC-nin yığılmış zərərinin bir il ərzində hansı səbəbdən 10 faiz artması hesabatı oxuyana qaranlıq qalır. Belə ki, yığılmış zərər 2018-ci il ərzində 200 milyon manatdan çox artaraq 2 milyard 122 milyon 341 min manatdan 2 milyard 332 milyon 605 min manata yüksəlib.
Nazirlər Kabinetinin 97 saylı qərarı (27.05.2010) ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qayadaları” təsdiqlənib: “Sənəd (1.3-cü maddə) ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tərtib etməli olduğunu vurğulayır. Qayda (2-ci maddə) maliyyə hesabatlarının tərkibini müəyyən edir. İctimai əhəmiyyətli qurumların açıqladığı maliyyə hesabatları müəssisənin ümumi maliyyə vəziyyəti, mənfəət, zərər və digər məcmu gəlirin həcmi, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti barədə ətraflı və izahedici qeydlərlə yayılmalıdır. Sənədə (5-ci maddə) əsasən, ictimai əhəmiyyətli qurumlar öz maliyyə hesabatlarını auditor rəyilə birlikdə internet səhifəsində yaymalıdır”. “Azərenerji” ASC bu tələbə də əməl etmir.
Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, 2019-cu ildə dövlət büdcəsindən “Azərenerji” ASC-yə 403 milyon manat ayrıldığı halda, qurumun büdcəyə ödənişləri cəmi 90,8 milyon manat təşkil edib. 2018-ci ildə ASC büdcədən 240,1 milyon manat alıb, ödənişləri isə cəmi 86,8 milyon manat olub. Dövlətdən birbaşa aldıqlarından əlavə, “Azərenerji”nin yanacaq xərclərini də dövlət subsidiyalaşdırır. Belə ki, 2018-ci ildə ASC-yə ucuz satılan qaza görə dövlət büdcəsindən SOCAR-a 300 milyon manat subsidiya ayrılıb. Analoji subsidiyalaşdırma əvvəlki illərdə də həyata keçirilib. Digər tərəfdən, “Azərenerji” ASC-nin xarici təşkilatlardan aldığı kreditlər üzrə ödənişlərin mühüm bir qismi də dövlət büdcəsi hesabına həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin 2015-ci ildə imzaladığı sərəncama əsasən 2016-2025-ci illər üçün “Azərenerji” ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.
ASC-nin həyata keçirdiyi satınalmalarda qeyri-şəffaflıq diqqəti cəlb edir. Qurum 2020-ci ildə reallaşdıracağı satınalmalara dair planını ötən ilin sonlarında açıqlayıb. Planda müxtəlif işlərin görülməsi üzrə 38 irimiqyaslı tender təşkil ediləcəyi nəzərdə tutulurdu. Tenderlərə avqust ayından başlanıb. Qurumun saytında açıqlanan məlumatlardan aydın olur ki, “Azərenerji” ASC-nin satınalmalarında da şəffaflıq prinsiplərinə əməl olunmur. Belə ki, sentyabrın 30-da ASC-nin İnternet saytında açıqlanan məlumatdan aydın olur ki, avqustun 8-də elan olunmuş “İllik sərfiyyat mallarının satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "MİX PRO" MMC tenderin qalibi müəyyən edilib. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 502 492,97 (beş yüz iki min dörd yüz doxsan iki manat 97 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. Yəni ASC bu satınalmanı açıq tender üsulu ilə keçirib, müqavilənin dəyərini də açıqlayıb.
Lakin sentyabrın 3-də elan olunmuş “Lot 1 Gücü 385 MVt olan “Qobu” Elektrik Stansiyasının tikinti-quraşdırma və istismara verilməsi işlərinin satın alınması, Lot 2 Gücü 385 MVt olan “Qobu” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası layihəsi üzrə yarımstansiyaların tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişlənmə və elektrik veriliş xəttlərinin tikinti-quraşdırılması işlərinin satın alınması” üzrə tenderi təkliflər sorğusu üsulu ilə keçirib. Sentyabrın 28-də tenderin nəticələri saytda açıqlanıb, “tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən” “BCC Group” MMC və “ELECTRO İNDUSTRİES” QSC tenderin qalibləri müəyyən edilib: “Qalib gəlmiş təşkilatlar ilə müvafiq satınalma müqaviləsi imzalanmışdır”. Göründüyü kimi, bu müqavilənin dəyəri açıqlanmayıb(?!). Maraqlıdır ki, ölkə mətbuatında müsabiqənin qalibi elan olunan “ELECTRO İNDUSTRİES” QSC-nin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin ailəsi ilə bağlılığına dair çoxsaylı faktlar dərc olunmaqdadır.
Yeri gəlmişkən, ASC-nin saytındakı Tenderlər bölümündə 5 açıq tender elanından 4-nün vaxtı bitsə də, nəticəsi barədə məlumat açıqlanmır.
Qeyd edək ki, “Azərenerji”nin fəaliyyətində qeyri-şəffaflıq, hesabatlılığın olmaması uzun illərdir cəmiyyətin diqqətində olan problemlərdəndir. Bu qeyri-şəffaflıq və hesabatlılığın olmaması üzündən yalnız enerji şəbəkəsində qəza tənzimləyici funksiyasını icra edəcək SCADA sisteminin qurulması prosesində dövlətə 58 milyon dollar zərər dəyib. Bu sistemin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. Amma hələ də açıqlanmayan səbəblər üzündən 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün “Azərenerji” Dünya Bankı ilə birgə Fransanın «Areva» şirkətini seçib. Böyük bir vəsaitlə başa gələn sistem 2018-ci ilin 3 iyul enerji qəzası zamanı çökdü. Qəzadan sonra məlum oldu ki, sistemin fəaliyyətinin davam etməsi mümkün deyil və onun tamamən yenidən qurulması işinə başlandı. Yenə də bu prosesin maliyyə tərəfi tam qapalı şəraitdə həyata keçirilir: sistemin qurulmasının neçəyə başa gələcəyi açıqlanmır. Eyni zamanda sistemi quracaq şirkətin seçimi də qapalı şəkildə aparılıb. “Azərenerji”nin açıqladığı məlumatda yalnız layihənin icrasının İsveçrənin ABB şirkətinə həvalə olunduğu və onunla bağlanmış müqaviləyə uyğun olaraq icraya 1 avqust 2019 il tarixindən başlandığı, 31 dekabr 2020-ci ildə tam başa çatdırılmasının nəzərdə tutulduğu qeyd olunur. Eyni qapalılıq məlum qəzadan sonra enerji istehsalı müəssisələrində həyata keçirilən digər yenidənqurma işlərinin dəyəri ilə bağlı da mövcuddur.
İqtisadçı-alim Qubad İbadoğlu bildirir ki, 2018-ci ilin 3 iyul qəzasından sonra “Azərenerji” sistemində mövcud stansiyaların qoyuluş gücünə çatdırılması, sistem üzrə yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir: “Bu istiqamətdəki işləri qənaətbəxş hesab etmək olar. Dövlət vəsaitləri və xarici kreditlər hesabına enerji sisteminin avtomatlaşdırılması, yanacaq sərfinin azaldılması istiqamətində işlər görülür. Lakin bu işlər barədə məlumatlar səthidir. Məsələn, istehsal müəssisələrinin adı və qoyuluş gücü açıqlanır. Mövcud vəziyyəti, qoyuluş gücünün hansı hissəsi qədər enerji istehsal olunduğuna dair məlumatlar verilmir. Yaxud enerji ötürücü xətlərin uzunluğunu, yarımstansiyaların gücünü açıqlamaqla kifayətlənirlər. Enerjinin maya dəyəri – onun istehsal xərcləri, ötürülmə xərcləri və sair barədə “Azərenerji”nin İnternet saytında hər hansı məlumat yerləşdirilmir. Bununla bağlı məlumatlar əslində “Azərenerji”nin illik hesabatında ətraflı açıqlanmalıdır. Lakin hesabatlar çox qısa və məhdud informasiyaları əhatə etməklə açıqlanır”.
Ekspert hesab edir ki, “Azərenerji”nin idarəetməsində səmərəliliyin artırılması üçün bir sıra addımların atılması zəruridir: “Düşünmürəm ki, hökumət enerji istehsalı müəssisələrinin özəlləşdirilməsinə getsin. Amma “Azərenerji”nin bir sıra struktur vahidlərinin idarəetməyə verilməsi, yaxud özəlləşməyə açılması mümkündür. Bu, dövləti kifayət qədər iri məbləğli xərclərdən azad etmiş olar. Eyni zamanda “Azərenerji”də müasir korporativ idarəetmə prinsipləri, həyata keçirdiyi satınalmalarda şəffaflıq və rəqabət mühiti təmin olunmalıdır. Bunlar olarsa, bu müəssisənin dövlətdən əlavə vəsait almasına ehtiyac qalmaz”.
Yeri gəlmişkən, son 3 ildə “Azərenerji”nin fəaliyyəti audit olunmayıb. Ali audit orqanı olan Hesablama Palatası sonuncu dəfə bu qurumda auditi 2017-ci ildə aparıb. Həmin və ondan əvvəlki auditlərdə Palata “Azərenerji”də ciddi nöqsanlar aşkarlayıb. Məlum qəzadan sonra ASC sistemində həyata keçirilən “Reabilitasiya proqramı”nın icrasına külli miqdarda vəsaitlərin sərf olunduğunu və keçirilən satınalmalarda şəffaflığın təmin olunmadığını nəzərə alsaq, Hesablama Palatasının yenidən yolunu “Azərenerji”dən salmasının gərəkdiyini söyləyə bilərik.
Son olaraq bildirək ki, “Azərenerji” kimi iri dövlət şirkətlərinin fəaliyyətindəki böyük problemləri Prezident İlham Əliyev bu ilin avqust ayında kəskin tənqid edib: “Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu