Erməni terrorunu dünyaya tanıdacaq komissiya nəyə nail ola biləcək? - ŞƏRH


Qarabağda savaş suçlarının araşdırılması komissiyası yaradılıb. Bu komissiyada Azərbaycan və Türkiyədən başqa ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, Belçika, İspaniya, Portuqaliya, Ukrayna, Maldivlər, Misir, Sloveniya, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, İran, İraq, Fələstin, Əlcəzair, Fars, Tunis, Sudan, Kamerun, Fil Dişi sahili, Nigeriya kimi ölkələrdən təmsilçilər var.


AFN xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, komissiya Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin genel başqanı, professor doktor Bayram Altan tərəfindən qurulub: "Artıq komissiya üzvlərinin sayı 110-u keçib. Komissiyanın tərkibində 33 ölkədən sabiq baş nazirlər, sabiq nazirlər, yüksək məhkəmə başqanları, indiki sabiq səfirlər, alimlər, hüquq müdafiəçiləri, hərbi ekspertlər, tarixçilər, sənətçilər, psixoloqlar, savaş müxbirləri, nüfuzlu media kapitanları, Türkiyə prezidentinin baş danışmanları, çox sayda universitet rektorlarından ibarət bir güclü heyət formalaşıb. Komissiya üzvlərindən biri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hilusu Kılıçdır".

Komissiyanın fəaliyyəti hansı istiqamətdə qurulacaq və burada Azərbaycanın rolu nədən ibarət olacaq? Ə.Verdiyev AFN-in suallarını cavablandırarkən bildirdi ki, komissiyanın tərkibinə çox nüfuzlu şəxslər, o cümlədən bir çox ölkələrin keçmiş baş nazirləri, nazirlər, diplomatlar, hərbi ekspertlər, mütəxəssislər daxil olacaq: “Onların köməyi ilə Ermənistanın 30 illik həm işğal müddətində, həm də Vətən müharibəsində Azərbaycana qarşı tətbiq etdiyi, atdığı addımlar və onların nəticələri sənəd halına salınacaq. Sonra isə bu sənəd beynəlxalq ictimaiyyətə və yaxud gələcəkdə qurulması mümkün olan hərbi tribunala təqdim edilməsi məqsədi daşıyacaq. Təbii ki, tək Azərbaycan və Türkliyənin birgə hazırladığı sənədlər, bəzi dövlətlərdə bizim tərəfdaşlarımızın imzasıyla çox da diqqətə alınmaya, ciddi hesab edilməyə bilər. Ancaq burada artıq Avropa, Almaniya, Fransa, Rusiya, Afrika kimi bir çox dövlətlərdən olan müxtəlif profilli, ixtisaslı insanların iştirak etməsi heç bir beynəlxalq təşkilata bu komissiyanın gəldiyi qərarı şübhə altına almağa imkan verməyəcək”.
Ekspertin fikrincə, belə bir komissiyanın Türkiyədə “erməni soyqırımı”nın araşdırılması üçün də qutulması vacibdir: “Ümumiyyətlə, bu, gələcəkdə bizim ermənilərə qarşı beynəlxalq platformalarda aparacağımız mübarizədə çox ciddi bir əhəmiyyət kəsb edəcək. Bizdə kifayət qədər faktlar var, ancaq fərq ondadır həmin komissiyanın gözü, imzası ilə dünya ictimaiyyətinə çatdıracağıq. Biri var ki, bunu Azərbaycan, biri də var ki, bunu dünyanın nüfuzlu şəxsləri səsləndirir. Ola bilsin ki, onların arasında Nobel mükafatı laureatları da ola bilər. Onların verdiyi sənədin kütləsi tamam fərqli və beynəlxalq sənəd olacaq. Yalnız bir-iki tərəfdaş ölkələr deyil. 130-dək insanın imzası ilə beynəlxalq sənəd ortaya çıxacaq, kim bunu təkzib edəcək, kim birtərəfli, yaxud Azərbaycan tərəfindən təşkil ediliyini iddia edə bilər. Onlar sıradan bir insanlar deyil. Hər biri bir ölkənin tanınmış şəxsləridir. Bu çox ciddi bir işdir, düşünürəm ki, ermənilərin törətdiyi vəhşilikləri, vandalizmləri sübut etmək üçün çox yaxşı bir metod seçilib”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu