Sahibkarlıq subyektlərində yoxlamalar yenə dayandırılır: rüşvət və korrupsiya halları yüksəkdir


"Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik parlamentin müzakirəsindədir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.
Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.


Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur:
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 1 yanvar 2022-ci ilədək uzadılması;
Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsi.
Xatırladaq ki, sözügedən qanun 2015-ci ildə qəbul edilib, ötən müddət ərzində bir neçə dəfə vaxtı uzadılıb. Yoxlamaların dayandırılması sahibkarların fəaliyyətinə necə təcir edib, gələcəkdə də bunun davam etdirilməsi zərurəti varmı?



Millət vəkili Vüqar Bayramov AFN-ə açıqlamasında bildirdi ki, sahibkarlıq subyektlərində yoxlamaların daha bir il müddətində dayandırılması ilə bağlı parlament tərəfindən qanun layihəsində dəyişiklik üçüncü oxunuşda təsdiq olunub: "Eyni zamanda digər vacib məqamlardan biri də o idi ki, həmin qadağalar bu müddət başa çatdıqdan sonra belə, yoxlamaların qadağan edildyi müddətdə, sahibkarlıq fəaliyyətinin yoxlanmasına icazə verilməyəcək. Bu, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından çox vacibdir. Təbii ki, ötən müddətdə biz sahibkarlıq subyektlərinin yoxlamalarının dəfələrlə azalmasını müşahidə etdik. Bu gün sahibkarlıq subyektlərində aparılan monitorinqlər də göstərir ki, yoxlamaların sayında kəskin azalmalar var. Bu da təbii ki, çox vacib məqamlardan biridir. Bu addımlar sahibkarlığın inkişafı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda növbəti bir ildə də bu mexanizm qorunub saxlanacaq. Yenə də bir sıra istisnalar olmaqla digər qurumlar tərəfindən sahibkarlıq fəaliyyətinin yoxlanılmasının qadağan edilməsi davam etdiriləcək. Gözlənilir ki, bu da sahibkarlığın inkişafına xüsusi töhfə versin". Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, yoxlamaların qadağan edilməsi sahibkarlığn inkişafı üçün çox vacib addımlardan biri idi: "Xüsusən də nəzərə alsaq ki, biz əvvəlki illərdə, daha çox 2015-ci ildən əvvəlki dövrdə bir sıra qurumlar tərəfindən sahibkarlıq fəaliyyətlərinin mütəmadi yoxlanmasını müşahidə edirdik, yoxlamalar qadağan edildikdən sonra praktiki olaraq bu aradan qaldırıldı. Sahibkarların həm vəsaitə qənaət edilməsi, həm öz işlərini daha səmərəli şəkildə qurmasına imkan verdi. Təbii ki, bu, sahibkarlığın inkişafını stimullaşdıran əsas addımlardan biri oldu və növbəti bir ildə də bu davam etdiriləcək. Sahibkarların əvvəlki dövrlər üçün nəzərdə tutulan yoxlamaların qadağan etdiyi müddətdə sonradan yoxlanmasına icazə verilməyəcək".



İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirdi ki, ölkə başçısının sərəncamına əsasən müxtəlif müddətlərə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı qərarlar qəbul edilib, son olaraq da bir il müddətinə uzadılıb: "Bunu mən müsbət qarşılayıram. Əslində təqribən 16 dövlət orqanının sahibkarlıq subyektlərində yoxlamalar aparmaq səlahiyyətləri var. Ölkə başçısı da bir neçə dəfə qeyd edib ki, monitorinq apardıqda bu yoxlamaların 90-95 faizi şəxsi maraqlara xidmət etdiyi məlum olub. Yoxlayıcı orqanların əməkdaşlarının, yaxud rəhbərliklərinin göstərişi ilə sahibkarlara təzyiq olunur və maddi qarşılıq alınır. Mədəni dildə desək, rüşvət və korrupsiya halları bu yoxlamalarda kifayət qədər yüksəkdir. Sahibkarlıq subyektləri bu yoxlamalarda həm psixoloji əziyyət çəkir, həm yoxlamanın nəticəsi qərəzli olduqda məhkəməyə müraciət etdikdə məhkəmələr azad məhkəmə olmadığına görə həmin yoxlayıcı orqanların tərəfini tuturlar. Həm də yoxlayıcı orqanlar rəqabəti tənzimləmək üçün deyil, daha çox rəqabətsizlik mühiti yaratmaq üçün bəzən öz rəqiblərini sıradan çıxarırlar. Nəticə etibarilə real sahibkarlıq bundan əziyyət çəkir". Ümumiyyətlə, belə addımları müsbət qiymətləndirən ekspert hesab edir ki, daha çox sahibkarları qanundankənar işlərə getməməsi üçün maarifləndirmək lazımdır: "Hökumət orqanları özləri sahibkarlıqla məşğuldurlar. Tabeçiliyndə müxtəlif MMC, ASC-lər yaradaraq daha çox iqtisadi fəaliyyətlə məşğul olurlar. Bu da qeyri-neft sektorunun inkişafını əngəlləyir, rəqabəti məhdudlaşdırır, qiymətləri bahalaşdırır. Hesab edirəm ki, təkcə belə addımlarla bu prosesi tənzimləmək mümkün deyil, ciddi surətdə biznes ombudsmanı institutu yaradılmalıdır, Prezident Yanında Sahibkarlıq Şurasının fəaliyyəti ictimai əsaslarla bərpa olunmalıdır. Sahibkarlar öz hüquqlarını qorumaq üçün qanunun verdiyi imkanlarla assosiasiyalar, birliklər yaradaraq öz hüquqlarını qorumalıdırlar".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu