Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə niyə artıqdır? - MÜZAKİRƏ


Bölgələrdə əhalinin banklardan kredit əldə etməsi heç də asan başa gəlmir. Çünki müraciət zamanı vətəndaşlar ilk növbədə yüksək kredit faizi ilə qarşılaşırlar.




AFN-in xəbərinə görə, bu sahədə mövcud vəziyyətlə bağlı millət vəkili Vüqar Bayramov qeyd edib ki, rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər: “Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir. Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır”. Millət vəkilinin fikrincə, Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəşlərin verilməsi mexanizmdən istifadə oluna bilər.



İqtisadçı-ekspert Fuad İbrahimov AFN-ə açıqlamasında bölgələrdə müxtəlif növ kredit proqramlarının olduğunu dedi: “İstəyir sahibkara, istəyir kənd təsərrüfatı sektoruna olsun, subsidiyalar və yaxud kreditlər müəyyən güzəştli şərtlərlə verilir. Burada önəmli olan kommersiya banklarının istehlak və biznes kreditləri ilə bağlı olan faiz dərəcəsinin yüksək olmasıdır. Bölgələrdə biznes aktivliyi kifayət qədər deyil. Bu məsələyə birmənalı yanaşmamaq üçün onu nəzərə almalıyıq ki, bölgələrdə məsələn, kənd təsərrüfatı sektorunda subsidiyaların, kreditlərin ayrılması kredit faizinin aşağı düşməsinə səbəb olur. Sadəcə olaraq birtərəfli yanaşmada istehlak və azsaylı biznes kreditlərdə müştərilər müraciət etdikdə əlbəttə yüksək görüntü müşahidə edilir”. Ekspertin sözlərinə görə, əslində Mərkəzi Bank tərəfindən yox, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara yardımla bağlı müxtəlif spesifik proqramlar var. Bu gün dövlət nəzarəti orqanları bu işləri görürlər. Sadəcə vətəndaş banka müraciət etdikdə, əgər istehlak krediti götürürsə, məsələn, telefon götürür, yaxud evini təmir üçün alırsa bu başqa yanaşmadır. Ancaq sahibkar kimi biznes üçün aidiyyatı dövlət nəzarət qurumları vasitəsilə həyata keçirilir və hazırda bizdə həmin məsələlər bu ölçü vahidi ilə gedir. Bölgələrdə daha çox İN, KTN və yaxud digər donorların nəzarəti ilə kredit götürülməsi daha əlverişli olar, nəinki birbaşa kommersiya bankına müraciət etməklə. Biz hələlik o müstəviyə çıxmamışıq ki, Mərkəzi Bank vasitəsilə hər hansı kommersiya bankı artıq bank institutu kimi bütün sahələri maliyyələşdirsin”.



İqtisadçı Pərviz Heydərov deyir ki, kredit bankın elə bir alətidir ki, onunla gəlir gətirir: “Banklar üçün regionlarda, mərkəzdən kənarda kredit təklifi onunla əlaqədardır ki, həm tələb səviyyəsi, həm də risklilik dərəcəsi mərkəzdən kənarda bölgələr üzrə daha yüksək dərəcədədir. Ona görə də yerlərdə banklar risklilik səviyyəsinin yüksək olmasını nəzərə alıb məcburdular ki, kredit təkliflərini yüksək faizlə təklif eləsinlər. Regionlarda dolanışıq o qədər yüksək səviyyədə deyil, məşğulluq səviyyəsi aşağıdır. Kreditə uyğun olan tələbə müvafiq zəmanət məsələsi ölkənin iri sənaye şəhərlərində yaşayan müştərilərlə eyni səviyyədə deyil. Ona görə də yüksək faiz tətbiq edilməsi bununla əlaqədar olaraq təbii qarşılanır”. Ekspetin sözlərinə görə, burada məsələ Mərkəzi Bankla əlaqəli deyil: “Yəni Mərkəzi Bankın işi ondan ibarətdir ki, bütün kreditlər üzrə mərkəzi resurlara əlçatanlığı təmin eləsin. Banklar kifayət qədər pulla təmin olunsun. Bankların əhaliyə, sahibkarlara verdiyi kreditlərin mənbəyi Mərkəzi Bankdan aldığı pul vəsaitləri, əmanətlərdir”. Rayonlarda məşğul olmayan əhali qrupuna kredit verilmədiyini deyən ekspertin sözlərinə görə, ancaq təəssüflər olsun ki, bölgələr üzrə bəzi faktlar da geniş yayılıb: “Belə ki, müəyyən etibarlı müştərilər üzrə kredit təklifləri irəli sürürlər. Bu düzgün deyil. 2014-cü ildən sonra istehlak kreditlərinin verilməsi sərtləşdirilib. İndi əvvəlki kimi nəyə gəldi, istənilən məbləğdə kredit götürmək mümkün deyil . Şərtləri ağırdır. İş yerindən arayış, gəlirlər barədə müvafiq hesabat və s. təqdim olunur. Bununla belə, müəyyən banklar üzrə bölgələrdə etibarlılıq statusu qazanmış müştərilər üçün kredit təkliflərinin həyata keçirilməsi barədə faktlar var. Bu vəziyyət aradan götürülməlidir”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu