Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində aşkarlanan 79 nöqsanın bir neçə səbəbi - MÜZAKİRƏ


Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi sonuncu hesabat ətrafında müzakirələr davam edir.


AFN xatırladır ki, hesabatda diqqət çəkən məsələlərdə biri də Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində olan nöqsanlar idi. Belə ki, sənəddə bu sahədə ümumilikdə 79 nöqsan haqda söhbət açılır ki, bunlardan da 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır. Deputat Əli Məsimli hesabatla bağlı parlamentdə çıxış edərkən bildirib ki, aşkarlanan 79 nöqsanın meydana çıxmasının xeyli sayda səbəbi var. Bunlar hansılardır?

Nöqsanlara gətirən səbəblər, xüsusilə də 18 nöqsanın məhz subsidiya ilə bağlı olması barədə sualımızı cavablandıran Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov AFN-ə bildirdi ki, Hesablama Palatasının açıqladığı hesabatda ilkin məlumatlara görə, 2020-ci ildə büdcədən 52,8 milyon manat əlavə xərc açıqlanıb: "Bu, birbaşa korrupsiya faktıdır. Təbii ki, aşkarlanan nöqsanları əhatə edən sahələr üzrə cavabdeh şəxslər cəzalandırılıb. Palatanın ortaya qoyduğu hesabatdan görünür ki, ümumilikdə bu istiqamətdə 79 nöqsan aşkar edilib. Bunlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlı olub. Subsidiya məsələlərində şəffaflığı təmin etmək üçün ilk öncə torpaq mülkiyyəti məsələsindəki nöqsanları aradan qaldırmaq lazımdır. Bu sahədə şəffaflıq artırılmasa, mineral gübrələrin satışında inhisarlar aradan qaldırılmasa, süni qiymət artımı problemi davam edəcək. Ona görə də bu məsələnin həll edilməsinə ehtiyac var. Hesab edirəm ki, Hesablama Palatası və Milli Məclisin birgə fəaliyyəti bu sahədə olan bütün nöqsanları aradan qaldıracaq. Subsidiyaların tətbiqində yeni mexanizmlər tətbiq olunmağa başlayıb, lakin bunu daha da təkmilləşdirilmiş formaya salmaq zəruridir".

Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramovun sözlərinə görə, ilk problem ondadır ki, subsidiyaların miqdarı yetərli deyil: "İkincisi, verilən subsidiyalarda bürokratik əngəllər çoxdur. Uzun prosedurlar var. Subsidiyaların alınması məsələsində fermerlərin bir çoxunun yetərincə məlumatı yoxdur. Hansı hüquqi prosesin olması ilə bağlı kifayət qədər məlumata malik deyillər. Bununla bağlı maarifçilik zəifdir. Digər tərəfdən verilən subsidiyalarla bağlı bəzi bölgələrdə şəffaflıqda problemlər var. Çünki o ciddi dövlət nəzarətində olmalıdır. Subsidyalarla bağlı problemlər yerlərdə araşdırılmalıdır və fermerlərlə iş aparıldıqdan sonra alınan nəticələr ümumiləşdirilməlidr, ona uyğun qərarlar qəbul edilməlidir. Ən böyük problem hazırda subsidiyaların miqdarı ilə bağlıdır. Nəzərə alsaq ki, ölkədə aqrosığorta da inkişaf etməyib. Ümumiyyətlə, dövlətin bu istiqamətdə başladığı müəyyən işlər var və bunlar daha da genişləndirilmiş şəkildə davam etdirilərsə, fermerlərin fikirləri nəzərə alınaraq, problemləri ortaq müzakirə edilərsə subsidiyaların effektivliyində müsbət nəticələr əldə edilə bilər".

Ekspertin fikrincə, yerlərdə Kənd təsərrüfatı idarələrinin nəzdində effektli və davamlı, hüquqi yardım göstərən xidmətlər olmalıdır: "Yaxud müəyyən kurslar, treninqlər təşkil edilə bilər. Fermerlərə texniki dəstək güzəştli şərtlərlə verilə bilər. Onların istifadəsi üçün kurslar keçilə bilər. Bir çox ölkələrdə kənd təsərrüfatının fəaliyyətini işıqlandıran xüsusi televiziya kanalları var. Bizdə ancaq tək-tək verilişlər var, bu, həftədə 1-2 saat proqramla təqdim etməklə mümkün deyil. Xaricdə bütün günü kənd təsərrüfatının problemlərini, o sahədə olan irəliləyişləri göstərən, təcrübələri işıqlandıran televiziya kanalları var. Məsələn, Türkiyədə də belə bir televiziya kanalı var. O kanallarda hüquqi yardım, maarifləndirmə işləri, müxtəlif aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə bağlı verilişlər və onları təkrar göstərmək imkanı da ola bilər. Bu effektli ola bilər. Ancaq bütövlükdə subsidiyaların həcminin artırılması və şəffaflığa əməl edilməsi ən önəmli problemlərdir. Digər problemlər daha asan həll edilə bilər".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu