Saxta əlilliyə görə vətəndaşa ödənən vəsaitin büdcəyə qaytarılması mümkün olurmu?


Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyi tərəfinfən 90 min nəfərin pensiyası saxta olduğu üçün ləğv edilib. Nazirlik bildirib ki, həmin əlillik təyinatlarının ləğvi nəticəsində xeyli vəsaitə qənaət edilib. Saxta əlillik, pensiya işlərinin ləğv edilməsi yalnız bu il üçün 560 milyon manatdan çox maliyyənin əsassız, qeyri-qanuni istiqamətə axınının qarşısını alır. Bəs bu vəsaitlərin aqibəti necə olur? Onun büdcəyə qaytarılması necə tənzimlənir?


Hüquqşünas Əsabəli Mustafayev AFN-ə açıqlamasında bildirdi ki, bu faktlar üzrə cinayət işi qaldırılmalıdır və müəyyən olunmalıdır ki, bu həkim səhvidir, yaxud korrupsiya əməlidir: “Ola bilsin ki, hər iki tərəfin arasında korrupsiya əməlləridir. Onda hər iki tərəf cinayət məsuliyyəti daşıyır. Bu məqamda ona iddia qaldırıla bilər ki, neçə illər qanunsuz olaraq pensiya alıb, o pullar geri qaytarılsın. Əgər sadəcə sübut olunsa ki, bu, həkim səhvidir, o pensiyanı sadəcə kəsə bilərlər. Əslində cəmiyyət hamısı bunu gözləyirdi. Əvvəllər də insanlar özləri danışırdılar ki, pensiyaların verilməsində, qrupların təyin olunmasında çoxlu sayda qanun pozuntuları var. Hətta haqqı olanlar pul ödəmədən qrupu ala bilmirlər. Ya da ki, hansısa saxta sənədlər əsasında vaxtından qabaq güzəştli pensiya təyin etdirmək, yaxud, məbləğini çoxaltmaq olar. Məsələn, mövcud olmayan, ancaq möhürü olan hər hansı bir müəssisədən arayış verilir ki, bu adamın filan qədər əmək stajı var. Hətta bəzən sənəd verirdilər ki, guya bu şəxs zərərli sahədə çalışır və ona görə də daha artıq pensiya almaq hüququ var. Son zamanlar hüquq-mühafizə orqanları və nazirlik bununla maraqlanmağa başlayıb. Qorxulu məqam odur ki, bu kampaniya şəklində aparılsa, ola bilsin pensiya, qrup haqqı olanlar bu kampaniya təkəri altında əziyyət çəkə bilərlər. Bizdə bəzən belə olur ki, statistika çox olsun deyə həmin adamlara da əziyyət verə bilərlər. Belə hallar da eşitmişik ki, həqiqətən də əlil olmuş şəxslərin heç bir araşdırma aparılmadan qruplarını kəsiblər. Bu qorxulu cəhətdir, insanlarda kütləvi narazılıq yaradan addım ola bilər. Ona görə də həm nazirlik, həm hüquq-mühafizə orqanları bu məsələdə çox ehtiyatlı olmalı, obyektiv yanaşmalıdırlar. Ancaq ümumilikdə bu çox yaxşı məsələdir ki, qanunsuz təyin olunmuş pensiyalar və qrupların təyin oluması gündəmə gəlir və bununla hüquq-mühafizə orqanları məşğul olurlar. Büdcə vəsaitini qorumağa cəhd göstərirlər”. Hüquqşünasın sözlərinə görə, müəyyən olunsa ki, əgər bir şəxs saxta sənədlərdən istifadə edib, həmin şəxs cinayət məsuliyyəti daşıya bilər: “Onu təyin edən adam isə saxta sənəd vermək, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiyada günahlandırılır ki, bu, daha ağır maddələrdir. Əgər həmin vəsaiti könüllü qaytarmaq yoxdursa, onda cinayət işi gedir və cinayət işinin tərkibində nazirlik həmin vətəndaşa qarşı mülki iddia qaldırır ki, bu adam saxta sənəddən istifadə edərək bu qədər pul alıb, geri qaytarılsın. Məhkəmə qərarından sonra həmin şəxs bu qərarı icra etməsə, artıq ona qarşı digər sanksiyalar tətbiq oluna bilər. Məsələn, onun əmlakına yönəldilə bilər, inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb edilə bilər. Eləcə də ölkədən çıxışına qadağa qoyula bilər. Hüquqi vasitələr çoxdur. Yəqin ki, bundan da istifadə olunacaq”.

İqtisadşı alim Nazim Bəydəmirli bildirdi ki, ölkədə dövlət sosial müdafiə tədbirləri kifayət qədər olmadığı üçün saxta əlillik dərəcəsi, pensiya düzəltmək ənənəsi mövcuddur və heç kim də bunu inkar etmirdi: “Ancaq saxta əlilliyin alınması vətəndaşın təşəbbüsü olsa da, təbii ki, məsuliyyət dövlət orqanlarınındır. Bu, məsələyə doğru yanaşılmaması və korrupsiya mexanizmlərinin böyük həcmdə olmasından qaynaqlanır. Bunların hamısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki və indiki rəhbərliyi də bilirlər. “VTEK” deyilən qurumları, tibbi komissiyaları istəməsə idi bu mümkün deyildi. Bir neçə il bundan qabaq, hətta həmin komissiyaların rəhbərliyində olan şəxslərin bir neçəsi həbs edildi. Ancaq hökumət bu nəticəyə gətirib çıxaran səbəbləri aradan qaldırmalıdır. Çünki insanlar rayon, kənd yerlərində işsizlik ucbatından buna gedirlər. İşsizliklə bağlı məşğulluğa müraciət edirlər, onları qeydiyyata almırlar. Fikirləşirlər ki, saxta pensiya düzəltsəm müəyyən müavinət alıb, keçinəcəm”. Ekspertin sözlərinə görə, Azərbaycanda vəsaitlərin vətəndaşdan alınıb geri qaytarılması ilə bağlı bir mexanizm olmasa da, ancaq təcrübədə var: “ Məsələn, Naxşıvanda saxta pensiya düzəltmiş şəxsi həbs etmişdilər. Düzdür, orada siyasi çalarlar vardı, həmin şəxsin hansısa siyasi partiyanın fəalı olduğu aşkarlanmışdı. Onu məhkəməylə cəzalandırmışdılar. Belə hadisələr mövcud olub. Ölkədə sübut olunsa ki, vətəndaş dövlətə bu qədər ziyan vurub, onu almaq mümkündür, ancaq ənənə yoxdur. Əslində belə bir məsuliyyət olmalıdır və əsas məsuliyyət dövlət orqanlarınındır. Azərbaycanda bir ənənəyə çevrilib ki, dövlət vəsaitlərini mənimsəsinlər. Vətəndaş görür ki, icra başçısı, yaxud nazir olsun, yüksək vəzifəli şəxs milyardlarla vəsaiti mənimsəyir, o da gedib hər hansı bir müavinət almaq üçün 3-4 min manat toplayır, rüşvət verir, alır və bunu normal hesab edir. Bunu yaradan səbəblər ölkədə olan korrupsiyadır, dövlət vəsaitlərinin mənimsənilməsi faktlarıdır. Bu yaxınlarda "Akkord"un sabiq rəhbəri İlqar Hacıyevin baş prokuror olmuş Zakir Qaralov və digər vəzifəli şəxslərlə olan "korrupsiya, rüşvət münasibətləri" olan videodan da gördük ki, hansı böyük məbləğlərdən söhbət gedir. Ona görə də vətəndaş görür ki, yuxarıda oturanlar milyardları mənimsəyirlər, fikirləşir ki, mən də ailəmi dolandırmalıyam”. Ekspert deyir ki, ünvanlı sosial yardım hamını əhatə etmir, yaşayış minimumunu hökumət təmin etmir: “Əlilliyin saxta və ya doğru olması komissiyaların subyektiv yanaşmasından asılı olur. Əslində biz dəfələrlə görmüşük ki, həqiqi xəstəyə müavinət verilmir, əlillik dərəcəsi düzgün müəyyən olunmur. Bu subyektiv addımlardır, vətəndaş da buna gedir. Əslində alınmayan müavinətə görə, hansı məsuliyyət ola bilər. Onlar hesablayırlar ki, il ərzində vəsait bu qədər edir, vurub-çıxır, bölürlər və deyirlər ki, bu qədər vəsaitin israfçılığın qarşısını almışıq. İsrafçılıq o zaman olur ki, bu müavinətlər verilmiş olsun. Ancaq ola bilər ki, həmin adam əlilliyi 3 ay qabaq müəyyən edib, indi saxta elan ediblər, çıxarıblar, onun vurduğu ziyanı necə müəyyən edəcəklər. Hesab edirəm ki, yuxarılarda korrupsiya olmamalıdır ki, vətəndaş da belə yollara baş vurmasın. Xüsusilə də tibbi komissiyalarda olanların və digərlərinin də normal maaşı, məsuliyyəti olmalıdr ki, bu işlərə getməsinlər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu