Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı - TƏKLİF


Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Yaşıl zona” və “Ağıllı şəhər və kənd” layihələrinin icrasını sabiq məmurlara həvalə edilməsini təklif edib.



AFN "qafqazinfo"ya istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, Azərbaycanda son 10-15 ildə elə İT layihələr olub ki, icrasına başlayan anda iflas olub:

"Ziya Məmmədovla bağlı olan, 100 milyon $ dəyərində iflasa uğramış nəqliyyatın intellektual idarəetməsi layihəsi ilə əlaqəli bir neçə gün öncə yazmışdım. Fikrimcə, Ziya müəllim indi heç olmasa işğaldan azad olunan ərazilərdə bu cür infrastrukturun qurulmasına dəstək verə bilərdi.

Digər bir məsələ isə hazırda bu regionda qurulacaq alternativ, bərpa olunan enerji təminatı ilə bağlı “yaşıl zona” layihələri və "rəqəmsal aqrar sektor" üçün maliyyə mənbələrinin tapılmasıdır.

Fikrimcə, keçmiş məmurlar Etibar Pirverdiyev və Heydər Əsədov da bu sahədə təcrübəlidir və köməklik göstərə bilərlər.

Etibar Pirverdiyevin rəhbərliyi ilə 58 milyon $ vəsaitlə ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə idarə etməyə imkan verən informasiya sistemi qurulmuşdu. 2018-ci ildə baş verən enerji qəzasında məlum oldu ki, belə bir sistem yoxmuş.

Hazırda büdcədən Azərenerji-yə xeyli vəsait ayrılıb və bu sistem yenidən qurulur. Bu baxımdan düşünürəm ki, Etibar Pirverdiyev işğaldan azad olan ərazilərdə “yaşıl zona”-nın qurulmasına xeyli köməklik göstərə bilərdi.

“Ağıllı şəhər və kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur. Bu baxımdan, güman ki, burada əsasən aqrar sahənin, kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək.

Xatırlayıram ki, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi zamanı, 2015-2016-cı ildə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Nazirlik bunu Caspel şirkətinə həvalə etmişdi. AVROPA İttifaqı da dəstək verirdi.

İnam Kərimov nazir təyin olunanda məlum oldu ki, əslində belə bir informasiya sistemi faktiki olaraq mövcud deyilmiş. Hazırda büdcədən yenidən vəsait ayrılıb və ASAN Elektron Kənd Təsərrüfatı Sisteminin yenidən qurulması ilə məşğuldur.

Bu baxımdan, Heydər Əsədov da işğaldan azad olan ərazilərdə “ağıllı bağların”, “kənd təsərrüfatının intellektual idarəetmə sisteminin" qurulmasına xeyli töhfə verə bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu