Professor: “Koronovirusun yayılması ilə bağlı ictimai nəqliyyatda vəziyyət biabırçılıqdır”


Dünyada COVİD-19-a yoluxanların sayı 115 milyonu keçib. Virusdan ölənlərin sayı 2 550 726, xəstəlikdən sağalanların sayı isə 90 740 348 nəfərdir. Azərbaycanda koronavirus infeksiyası ilə bağlı son rəqəmə əsasən, 143 nəfər müalicə olunaraq sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib. Ümumilikdə isə hazırkı dövrədək ölkədə 235 min 14 nəfərin koronovirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan da 3225 nəfər vəfat edib. Aktiv xəstə sayı 2807 nəfərdir. Koronovirusa yoluxma sayında artımın səbəbini necə izah etmək olar, prosesin normal gedişi, yoxsa səhlənkarlıq?




Tibb elmləri doktoru, professor Adil Qeybulla AFN-ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, koronovirusun yayılma, daha doğrusu, artım dinamikası təbiidir: “Çünki sosial həyatın ayrl-ayrı sahələri yumşaldıldıqca təmaslar artır. Bu gün ən çox təmaslar, biabırçı vəziyyət ictimai nəqliyyatdadır. Kənardan bir marştut avtobusunu müşahidə etsəniz görərsiniz ki, burada heç bir karantin qaydasından söhbət gedə bilməz. İnsanlar bir-birinin içində, yaxın təmasda, basabas, giriş-çıxışda dezinfeksiyaedici məhlul, sosial məsafə yoxdur. Təbii ki, bu şəraitdə xəstələnmək üçün böyük risk var”.
Professorun sözlərinə görə, artıq məktəblər də açılıb və burada yoluxma halı yüksəkdir: “Bu baxımdan dinamikada dəyişikliyin olması məntiqi görünür. Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə, yaxud yumşaldıla bilər”.
Vaksinasiya məsələsinə gəldikdə isə A.Qeybulla təəssüflə bildirdi ki, dünya əhalisinin vaksinasiyası və pandemiya ilə mübarizə bir ölkənin işi deyil: “Bu, bütün dünyanın işidir. Ayrı-ayrı ölkələrdə vəziyyətin stabilləşdirilməsi qətiyyən düzgün deyil. Bütün dünyanı nəzərə almaq lazımdır. Bu pandemiyadır və epidemioloji ocaq bir yerdə qalırsa, həmişə təhlükə olaraq qalır. Həmin ölkədə viruslar mutasiyaya uğrayaraq yeni bir forma yarada bilər. O cümlədən, pandemiya ilə mübarizə kollektiv təşkil olunmalıdır. Bütün ölkələrə vaksinlər paylanmalıdır, imkanı olmayan, inkişaf etməkdə olan ölkələr vaksinlə təmin olunmalıdır. Hesab edirəm ki, bu şəkildə kollektiv immunitetin yaranmasına nail olmaq mümkündür”.
Bəzi insanların peyvənddən imtina etməsi kimi hallar müşahidə edilir ki, həkim buna da aydınlıq gətirdi: "Ümumiyyətlə, peyvənd olunmaqdan çəkinən adamlar antipeyvənd kampaniyasının üzvləri sayılır. Peyvəndə tərəddüd edən insanlar əslində bu işə ziyan vururlar. Koronavirusdan xəstələnib ölmək yaxşıdır, yoxsa peyvənd etdirmək? Ona görə də hesab edirəm ki, bu düzgün yol deyil. Peyvənddən çəkinmək, əleyhinə təbliğat aparmaq ümumi işə ziyan vurmaqdır".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu