“O gözlə sükana oturub maşın sürmək də olar” - Video


“Dünən sağ gözümdən əməliyyat olundum və əməliyyat çox uğurla keçdi. Gözümün alt qapağı yox idi, ona dəri köçürüldü və gələcəkdə gözümə protez qoyulacaq. Dövlətimiz sağ olsun ki, bizə diqqət göstərir, əməliyyatımız üçün xarici ölkələrdən həkimlər gətirilir. Hər kəsə təşəkkürümü bildirirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə gələn oftalmoloqlar tərəfindən əməliyyat olunmuş Vətən müharibəsi qazisi Sərxan Nərimanlı bildirib.

Döyüş yolu Füzulidən başlanan qazi Qubadlı, Cəbrayıl, Xocavənd istiqamətində qəhrəmancasına vuruşub. Oktyabrın 26-da gözündən, qolundan, ayağından və başından yaralanıb. O, ötən gün keçirilən əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyir.

Gözünün içərisinə okulyar linza yerləşdirilən və israilli donordan göz bəbəyi transplantasiya edilmiş digər qazi Arif Hacıyev də artıq görməyə başlayıb. Qazimiz yavaş-yavaş sağlamlığına qovuşduğunu deyir:

“Mən Bakı şəhərində anadan olmuşam, amma əslən Füzuli rayonundanam. Elə qismət oldu ki, səfərbərlik elan olunandan Füzuli istiqamətində döyüşlərə qatıldım. Bütün əməliyyatlara komandamızla birgə can-başla qoşulduq. Oktyabrın 21-i əks-hücumun qarşısını alarkən döyüş yoldaşlarımla bir yerdə minamyot atəşi nəticəsində qolumdan, gözümdən və bəzi nahiyələrimdən yaralandım. Artıq əməliyyat olunmuşam, şükürlər olsun ki, yavaş-yavaş sağalıram. Buna görə dövlət başçısına, “YAŞAT” Fonduna və fondun reallaşmasında yardımçı olan xalqımıza öz minnətdarlığımı bildirirəm”.

Qazi deyir ki, gözünün buynuz qişasında problem və katarakta olub. Lakin göz dibinin sağlam olması nəticəsində əməliyyatdan sonra görməsinin müəyyən hissəsi bərpa olunub və getdikcə daha da yaxşılaşacaq.



Qazilərimizi əməliyyat edən israilli həkim Yişay Falik Azərbaycanda olmaqdan şad olduğunu və humanitar tibbi yardım çərçivəsində onlara dəstək olmağa çalışdıqlarını dilə gətirib:

“Biz 8 nəfərlik tibbi heyət və yerli həkimlərin dəstəyilə qazilərin müayinə və əməliyyatını həyata keçiririk. Qısa müddət ərzində bir çox qazini müayinədən keçirmişik. Onların əksəriyyəti artıq kosmetik protezlərlə təmin olunublar. Həmin protezlər öncədən parametrləri nəzərə alınaraq məxsusi olaraq onlar üçün İsraildə hazırlanıb. Həmçinin müəyyən sahələr üzrə göz əməliyyatları icra olunur. Arif adlı qaziyə kornea əməliyyatı baş tutub. Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində o şəxsin gözü hazırda 20 faiz görə bilir. Mən deyərdim ki, o gözlə sükan arxasında oturub maşın da idarə etmək olar. Dünən bizim çox ağır bir əməliyyatımız baş tutdu. Həmin əməliyyatın müddəti 4,5 saat çəkdi. Hazırda da əməliyyatlar davam edir, qazilərə protezlər yerləşdirilir. Həmin şəxslər qısa müddətdə öz sağlamlıqlarına qovuşacaqlar”.

İsrailli həkimlərə yerli tibb personalı da qoşulub. Milli Oftalmologiya Mərkəzinin Oftalmo-onkologiya şöbəsinin müdiri Ruhəngiz Balayevanın sözlərinə görə, mərkəzdə çalışan tibb personalı gücləndirilmiş iş rejimində çalışır:

“Fevralın 28-dən etibarən İsraildən həkimlər dövlətimizin və “YAŞAT” Fondunun təşəbbüsü ilə bizim mərkəzə təşrif buyurublar. Məqsəd 44 günlük müharibədə gözündən zədə almış qazilərimizin müayinə və müalicəsini həyata keçirməkdir. Mərkəzdə bunun üçün hər bir şərait yaradılıb. Onlarla birlikdə mərkəzin yüksək ixtisaslı həkimləri böyük və kiçik tibbi personal, anestezioloqlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Hazırda da müayinə və əməliyyatlar davam etdirilir”.

Şöbə müdiri bildirib ki, gözdaxili endoprotezləşmə aparılan qazilərdə bu, ömürlükdür. Üstdən çıxan mobil protezlər isə bir neçə illikdir və müəyyən müddətdən sonra dəyişdirilə bilər.

İsrailli həkimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda bir həftə ərzində qazilərimizin müayinə və əməliyyatlarını həyata keçirəcək. Artıq həftənin beş günü arxada qalıb.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun sözlərinə görə, bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28 nəfərinə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu