İstanbulda "Qarabağ Azərbaycandır" stendi açılıb


Bu gün Türkiyənin İstanbul şəhərində Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə “MUSİAD Expo 2020” sərgisi işə başlayıb.



"Report"un yerli bürosu xəbər verir ki, sərgi noyabrın 21-nə qədər davam edəcək.

Sərgidə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş etdirilir. Ölkəmiz İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznes İnkişaf Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" ("Karabakh is Azerbaijan") stendi ilə təmsil olunur. Stend Qarabağın incisi, Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.

Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və digər xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto-video materiallar sərgilənir, eləcə də Azərbaycanın sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir.

“MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları, sənaye avadanlıqları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu