“Travma” sözü necə oldu dəbə mindi? - RƏYLƏR


Son illərdə dəbdə olan sözlərdən biri də “travma”dır. Yeri gəldi-gəlmədi, əsas oldu-olmadı bu sözün işlədilməsi artıq pik həddədir. Xüsusilə müəllim-şagird münasibətlərində bu ifadənin işlədilməsi artıb. Vəziyyət o həddədir ki, valdeynlər az qalırlar desinlər ki, uşağım müəllimi görəndə travma yaşayır. Bu söz necə oldu ki, bu qədər "dəb"ə mindi? Uşaqlar doğrudanmı bu qədər həssasdırlar, məktəbdə baş verən hər xırda olaydan, hətta gündəliklərinə aşağı qiymət yazılmasından travma yaşayırlar?


Mövzu ilə bağlı AFN.az-a danışan psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, “travma” sözünün dəbə minməsinin səbəbi son vaxtlar psixologiyaya marağın artmasıdır: “Psixologiyada "psixoloji travma" deyilən bir termin var. Əlbəttə, bu mənəvi travma sayılır. Uşağın hər hansı mənəvi zədələnməsi, insanlarla olan münasibətlərdə gözləntilərinin qarşılanmaması və yaxud uşaqlar arasında olan digər məsələlər və s. bunların hamısı onlara müəyyən travmalar yaşadır. Müəllim məsələsinə gəlincə isə əlbəttə, müəllim-şagird münasibətləri var. Bu münasibətlərin tənzimlənməsində müəllimlərin özlərinin yanaşma tərzləri var. Yəni müəllim şagirdə necə yanaşırsa, şagird də ona uyğun inkişaf edir. Əgər müəllim şagirdə çox qışqırırsa, şagirdi digər yoldaşları ilə müqayisə edirsə, yəni hər dəfə ona qeyri-ciddi yanaşma göstərirsə, yaxud onun xətrinə dəyəcək hər hansı sözlər deyirsə, o zaman uşaqlarda sindrom yaradaraq şiddətli travmaya səbəb olur. Bu sözün dəbdə olma səbəbi də valideynlərin psixologiya ilə çox maraqlanmasıdır. Uşaqlar həmişə həssas olublar. Sadəcə, əvvəllər bunu büruzə vermirdilər. Çünki əvvəllər uşaqlarda indiki dəyişikliklər yox idi. İndiki dövrdə uşaqlar internetdən istifadə edərək hər şeydən məlumatlı olurlar. Bunun nəticəsində də öz haqlarını tələb etməyə başlayırlar. Müəllimin kiçik pedaqoji səhvindən uşaqlarda müəyyən dəyişikliklər yarana bilir. Amma ele valideynlər var ki, bu məsələni çox şişirdirlər. Sadə bir məsələni böyüdüb, hər bir uşağın travma alması kimi başa düşürlər. Əlbəttə, bu, səhv düşüncədir. Çünki heç də hər uşaq eyni sindromu, eyni travmanı yaşamır. Bəzən adi görünən travmanı valideyn özündə böyük bir faciəyə çevirir”.

Harmoniya Psixologiya Mərkəzinin rəhbəri Aygün Ağabalayeva da təsdiqləyir ki, “travma" sözü son zamanlar çox dəbdədir: “Amma bu hər zaman olub. Travmanın nə olduğunu bilmədən bu sözü istifadə edənlər də az deyil. Məsələn, bir müddət əvvəl depressiya dəbdə idi. İnsanlar bir balaca narahatçılıq yaşayan kimi hansı bu qısa müddətli stress olurdu, bunu depressiya adlandırırdılar. Əgər narahatçılıq 2 həftədən artıq davam edərsə, o zaman bunu depressiya adlandıra bilərik. İndi də psixoloji travma həmçinin. 80-ci illərdən əvvəl nəinki psixoloji travmanın özü, heç termin kimi belə çox gündəmdə deyildi. Ancaq son zamanlar bir balaca narahatçılıq olan kimi insanın psixoloji travması olduğu qənaətinə gəlirlər. Təbii ki, bu, düzgün yanaşma deyil. Ümumiyyətlə, psixoloji travma insanda nə vaxt baş verir? Hansısa itkilər, yaxud ayrılma, ailələrdə boşanma halları olanda, müharibə zamanı, təbii fəlakətlər olanda insanlara ciddi təsiri olarsa, o zaman bunu psixoloji travma kimi qəbul edirik. Yox, əgər hər hansı cüzi narahatçılıq, yaxud uşaqlarla bağlı xırda problemlər olanda bunu psixoloji travma adlandırmağımız heç də yaxşı nəticələrə gətirib çıxartmayacaq. Çalışmalıyıq ki, belə halların baş verməməsi üçün lazımi tədbirlər görək”.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu