Uşaq uşaqlıqdan bilməlidir ki, nələrisə etmək olmaz, etsə, cəzalana bilər – Qalib Əsədov


Dünən Bakıda ata-anasını, qardaş-bacısını və bacısının körpə övladını qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovun psixoloji problemlərinin olması daha çox qabardılır. Düzdür, ortada narkotik və qumar kimi versiyalar da var, lakin Ə.Əhmədovun əvvəllər də adam öldürməyə cəhd etməsi ilə bağlı məsələ olduğundan, birinci versiya üzərində daha çox dayanılır. Bəzi versiyalara görə, onun psixoloji problemi yoxdur və bu, əvvəlki əməlini ört-basdər etmək üçün mərhum valideynlərinin ortaya atdığı yalandır.


Belə ki, deyilənlərə görə, hələ 15 yaşı olarkən Ə.Əhmədov həmyaşıdını bıçaqlayıb və ailəsi həbsə düşməməsi üçün ona ruhi dispanserə yatırıb. Daha sonra Əhmədi ordan çıxararaq Rusiyadakı dayısının yanına göndəriblər. Ordan vətənə qayıtdıqdan sonra isə ona ayrıca ev, maşın alaraq tək yaşamasını təmin ediblər. Hər kəsə deyilib ki, Əhməd ruhi xəstədir, müalicə olunur. Bütün bunların sonunda isə Əhməd 3 böyük, 2 uşaq olmaqla 5 nəfərin qatilinə çevrilib.

Bəzi kriminalistlər onun fotolarındakı görüntüyə əsasən Ə.Əhmədovda psixoloji problemin müşahidə olunmadığını iddia edirlər. Ümumiyyətlə, görüntülər, baş verən hadisələr Ə.Əhmədovun psixoloji problemli, yoxsa narkotikin təsiri altında olduğunu deməyə əsas verir? Həkim-nevropatoloq Qalib Əsədov AFN.az-a açıqlamasında bildirdi ki, şəxsin psixoloji problemi olub-olmadığını aydınlaşdırmaq üçün ekspertizaya ehtiyac var: "Şəklə baxıb diaqnoz qoymaq qeyri-mümkündür. Psixiatrik xəstələrin xüsusi müayinə metodları var, onunla danışmadan, o metodları tətbiq etmədən, müayinə testləri etmədən şəxsə psixi xəstə diaqnozu, yaxud narkotik diaqnozu qoymaq olmaz. Yəqin ki, psixiatrik ekspertiza təyin olunacaq və o ekspertiza müəyyən edəcək ki, əməli törədən şəxs anlaqlı idi ya yox. Fotoya baxıb diaqnoz qoymaq mümkün deyil, peşəkarlıq deyil. Hətta adətən bir yox, 3 psixiatrın diaqnozu əsas götürülməlidir".
Q.Əsədov onu da qeyd etdi ki, baş verən dəhşətli hadisə olmaqla yanaşı, övladlarını ərköyün böyüdən bütün valideynlər üçün dərs olmalıdır: "Uşaq nə istəyir onu alıb veririk. Həmin uşaq doğulanda atası öz atasının adını qoyub ona. Mən əminəm ki, o oğul yağ-bal içində böyüyüb, nə istəsə alıb veriblər ona. Nəticə nə oldu? Uşaqlıqdan istədiyini əldə etməyə öyrəşmiş uşaq, böyüyüb həddi-büluğa çatdıqdan sonra cəmiyyətdən, ətrafdakılardan bunu ala bilmədikdə depressiyaya düşür, aqressivlik göstərir. Çünki ətrafdakılar onun valideyni deyil, hər istədiyini vermirlər. Son vaxtlar belə bir fikir dəbə düşüb: uşağa hirslənmək olmaz, psixi travma alar. Müəllim uşağa hirslənməməlidir, valideyn hirslənməməlidir. Psixi travmanın nə olduğunu bilməyənlər, atanın məzəmmətini, ananın danlamasını, müəllimin nəsihətini psixi travma kimi şişirdirlər. Müəllim də, valideyn də yeri gələndə uşağı danlamalıdır. Bir anlıq təsəvvür edək ki, ölkədə polis, prokurorluq, hüquq-mühafizə sistemi yoxdur, nə baş verər? Anarxiya! Ona görə də uşaq uşaqlıqdan bilməlidir ki, nələrisə etmək olmaz, etsə, cəzalana bilər. Bu olmayanda sonda faciə ilə nəticələnir".
Q.Əsədovun sözlərinə görə, son günlər yayılan kompüter oyunlarında da öldürmə təşviq edilir: “Düzdür, orda virtual obyektlər “öldürülür”, amma uşağın yaşadığı real hislərdir. O artıq adamları öldürməkdən həzz alan bir canlıya çevrilir. Onun yaşadığı öldürməklə qazanmaq hissi böyüdükdən sonra özü və ətrafdakılar üçün təhlükəyə çevrilir. Ona görə də kompüter oyunlarıdır, uşaqların tərbiyəsidir, buna diqqətli yanaşmaq lazımdır. Biləsiniz ki, övladınızı ərköyün böyüdürsünüzsə, özünüz də, uşaqlarınız da faciə yaşayacaqsız!”

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu