Azərbaycan müxalifəti ABŞ konqresmenlərinə niyə cavab vermir?

ABŞ Konqresinin 87 üzvü ABŞ-ın dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Qarabağ ermənilərinin hüquqlarının pozulmasına dair yalan-yanlış məlumatlar səsləndiriblər. Məktubda bir sıra yalan və təhrif olunmuş məlumatlar yer alır. Mətninin erməni diasporası tərəfindən hazırlanması şübhə doğurmayan sənəddə Qarabağdan guya 120 min erməninin zorla köçürüldüyü qeyd edilir. Halbuki, Qarabağda heç vaxt bu qədər erməni yaşamayıb.
Müraciətin mahiyyətində gizlənən manipulyativ ittihamlar Azərbaycan cəmiyyətində haqlı narahatlıq doğurur. Həmin müraciətdə səsləndirilən ittihamların təməlində obyektiv məlumatlara deyil, erməni lobbisinin və radikal diaspor qruplarının siyasi maraqlarına xidmət edən təzyiqlər dayanır. Bu isə artıq Azərbaycanın dövlət maraqlarına qarşı olmaqla yanaşı, həm də bölgədə sülh prosesinə zərbə vurmaq cəhdidir.
Azərbaycan bu cür ikili standartlara və təhrif olunmuş yanaşmalara qarşı uzun illərdir mübarizə aparır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin etdikdən sonra beynəlxalq tribunalarda ən yüksək səviyyədə aydın və açıq şəkildə bəyan edib ki, ölkənin Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqları Azərbaycan qanunları çərçivəsində qorunacaq. Bu, yalnız rəsmi bəyanatlarla deyil, faktiki addımlarla da sübut olunub: Azərbaycan erməni sakinlərə reinteqrasiya üçün şərait yaratdığını, könüllü şəkildə bölgəni tərk edənlərə isə maneə törədilmədiyini dəfələrlə vurğulayıb. Bölgədə yaşayan ermənilərin bir hissəsi könüllü şəkildə Ermənistan və ya digər ölkələrə köç etsə də, qalanlar üçün Azərbaycan tərəfindən yaşayış, hüquqi sənədləşmə və təhlükəsizlik baxımından alternativlər təklif olunub. Beynəlxalq qurumların təmsilçiləri də zaman-zaman bunu təsdiqləyib. Azərbaycanın fəaliyyətləri Avropa İnsan Haqları Məhkəməsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər qurumların hüquqi sənədləri ilə səsləşir.
Belə olan halda, ABŞ Konqresinin üzvləri tərəfindən səsləndirilən əsassız ittihamlar yalnız geosiyasi manipulyasiyanın bir nümunəsi kimi dəyərləndirilə bilər. Bu yanaşma nə bölgədə sabitliyə, nə də Ermənistan-Azərbaycan arasında normallaşma səylərinə töhfə verir. Əksinə, vəziyyəti gərginləşdirmək və radikal dairələri ruhlandırmaq məqsədi güdür.
Digər diqqətçəkən məqamlardan biri də daxili siyasi reaksiyalardır. Azərbaycan müxalifətinin bu məsələdə hakimiyyətdən mövqe tələb etməsi də təəccüblü gəldi mənə. Bir neçə müxalifətçi siyasətçinin reaksiyasını gördüm: məktubun məzmununu tənqid edirlər, eyni zamanda "hakimiyyətin cavab verməli olduğunu" qeyd edirlər. Burda söhbət dövlət maraqlarından gedir, yalnız hakimiyyətdən mövqe gözləmək, səssiz qalmaq – heç bir beynəlxalq platformada, hətta sosial mediada belə konkret cavab verməmək – ciddi suallar doğurur. Dövlət maraqları mövzu olanda, fərdi siyasi ambisiyalar arxa plana keçməli, istər hakimiyyət, istərsə də müxalifət eyni mövqedən çıxış etməlidir. Yoxsa məşhur el məsəlində deyildiyi kimi, "Əzrayıl gələndə hamı nökərin üzünə baxar?"
Əgər söhbət xalqın etimadını qazanmaq və saxlamaqdan gedirsə, bu kimi kritik anlarda prinsipial mövqe sərgiləmək mütləqdir. Dövlətin maraqlarını yalnız iqtidar yox, hər bir vətəndaş, hər bir siyasi institut müdafiə etməlidir. 40 illik müxalifətin xarici mediada cavab vermək imkanı yoxdursa, bizim də sözümüz yoxdur. Amma xatırladığım qədər bir neçə gün əvvəl AXC sədri Əli Kərimli xeyli sayda ölkənin mediasında məqalələrinin dərc edildiyini, müsahibələr verdiyini bildirmişdi. "Beynəlxalq birliyə ölkəmizlə, müxalifətlə, demokratiya uğrunda mübarizəmizlə bağlı vacib fikirlər çatdırdım, çağırışlar etdim" -deyə qeyd etmişdi cənab Kərimli. Fikrimcə, dövlətimizin maraqlarını müdafiə edən, ermənipərəst konqresmenlərə cavab yazılarının dərc edilməsi AXC sədrinə ancaq başucalığı gətirər. Eləcə də digər müxalif siyasətçilərə...
Nəhayət, ABŞ Konqresmenlərinin dövlət katibinə müraciəti, əslində, Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə səsləndirdiyi mövqeyin dolayısı ilə qəbuludur: yəni Qarabağda artıq hərbi-siyasi reallıq dəyişib və bu dəyişiklik hüquqa əsaslanır. Ermənistanla sülh prosesi üçün bu reallığın qəbul olunması vacib şərtdir. Yalnız bu halda dayanıqlı sülh mümkündür. Əks halda, lobbi maraqları əsasında hazırlanan və birtərəfli ritorikaya söykənən müraciətlər bölgəni sabitlikdən uzaqlaşdırmaqdan başqa heç bir məqsədə xidmət etmir.
Həbibə ABDULLA