Hanı kinoya ayrılan milyonlar? - rejissordan etiraz
“Ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib ki, bu da çəkilən xərclə müqayisə olunmaz göstəricidir”.
Bu barədə Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan yoxlama tədbirlərinin nəticələrində qeyd olunub.
Göstərilən məbləğ rejissorlar tərəfindən birmənalı qarşılanmayıb. Təbii olaraq sual yaranır ki, kinoya ayrılan milyonlar və 1905,2 manat?
Mövzu ilə bağlı rejissor Amil Amalın TİA. Az -a verdiyi geniş açıqlamanı təqdim edirik:
Pandemiya 2019-cu ildən başladı və daha sərt forması 2020-2021-ci illərdə vüsət tapdı. Diqqət yetirsək, Mədəniyyət Nazirliyinin Kino şöbəsində də kadr dəyişiklikləri demək olar bu illərə təsadüf edib. Bu, iki-üç il ərzində biz həm pandemiyanı yaşamışıq həmçinin İkinci Qarabağ müharibəsini. Bu mənada kino cameəsi deyərdim üçüncü bir travmanı da yaşayıb. Bu travma Rüfət Həsənov travmasıdır.
İntellekti, dil bacarıqları, normal filmoqrafiyası olan bir rejissorun yarıtmaz məmurluğu bu gün də sözün əsl mənasında məni şoka salır. Adamın konformist fikirləri, çıxışlarında dediyi qarışıq sözlər, onun bu üç il ərzindəki kino adamlarına qarşı bivecliyi, işindəki səriştəsizliyi onu çox rəzil bir duruma salır.
İnanıram ki, o bütün bu nöqsanlarını öz içində, “daxilindəki ada” da çox yaxşı dərk edir. Ancaq bu 3 il ərzində onun etdiyi ciddi nöqsanlara görə mən şəxsən Runu istefa verməyə çağırıram. Təəssüf ki sən bu işləri bacarmadın. Vaxtı ilə özün deyirdin ki, bütün bürokratik əngəlləri aradan qaldıracaqsan. Ancaq bu gün məhz sən özün böyük bir bürokratik əngələ çevrildiyini yəqin ki, artıq anlayırsan. Simvolla belə deyərdim ki, kino şöbəsində sadəcə olaraq ilan öz qabığını dəyişdi.
Ümumiyyətlə, ikinci Qarabağ hadislərindən sonra bir neçə qısametrajlı və 3 tammetrajlı filmlər çəkilib. Ancaq o filmlərin demək olar əksəriyyətinin Qarabağa aidiyyatı yoxdur. “Şuşa ili”dir ancaq baxın görün Şuşaya aid filmləri varmı? Yoxdur.
İndi isə tam məsuliyyətim üzrə deyirəm ki, bu 3 il ərzində nəinki Qarabağ aidiyyatı olan filmlər çəkilməyib, demək olar günümüzlə qətii surətdə səsləşməyən çox zəif filmlər istehsalata buraxılıb, hətta o filmlərin içərisində Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan bərbad filmlər çəkilib. Buna görə də həmin filmlər bu gün ortada yoxdur. Hansısa tanışlıqlarla bu filmləri bu gün hansısa film festivallarında yarışma proqrama salıb bütün bunları ört- basdır etmək istəyirlər.
Bu üç il ərzində baxın ortaya bir dənə də olsun film qoyulmayıb, heç bir filmin premyerası keçirilməyib. Hər il dövlət kinoya altı milyon manat vəsait ayırır. Altı milyonu keçən illərə də vursaq rəqəm daha da böyüyür. Sual yaranır hanı milyonlar, hanı filmlər. Bütün bu pulla nə qədər iş görmək olardı. İkinci Qarabağ müharibəsi ilə bağlı nə qədər ciddi həm kütləvi həm də müəllif filmləri çəkmək olardı. Yəni, dövlətin kinoya olan diqqəti demək olar ki, yerə vurulub. Hesablama palatasının son dərc etdiyi audit hesablamalara diqqətin yetirin. Görün nə qədər ciddi maliyyə nöqsanlar var ortada.
Artıq 2022-ci il sona çatır. Bu il heç bir film istehsalata buraxılmadı. Çünki hər şey şəxsi qərəzə, tanış-tunuşun təlimlərinə, , başdansovdu layihələrinə getdi. 3 il ərzində 79-a yaxın bədii sənədli filmlər istehsal olunub. Və bütün bu filmlərə ayrılan maliyyə milyonlarla manatdır. O milyonlar ki qarşılığında 1905 manat 2 qəpik gəlir əldə edilib. Gəlir gətirməyini lap qoyuram bir kənara, hanı bu filmlərin festivallarda iştirakı, uğurları? Bunu mən yox, dövlətin ən ali maliyyə hesablama orqanı deyir. İndi kim çıxıb bunun cavabını verəcək? Bu qədər məsuliyyətsizlik olarmı?
Hesablama Palatası kinodakı maliyyə pozuntularına görə sonda onu da tövsiyyə edir ki, nöqsanlara yol vermiş vəzifəli şəxslər məsuliyyətə cəlb olunsun.
Mənə çox maraqlıdır kim məsuliyyətə cəlb olunacaq?
Bu gün festivallarda yarışma proqramına düşən barmaqla sayılan rejissorların demək olar hamısı, əksəriyyəti nazirlikdən heç bir dəstək almayan rejissorlardır.
“DocuBaku” festivalında səhnədən Rüfət Həsənovun üzünə dediyim sözlərimi təkrar deyirəm. Niyə həmin festivalda yarışmada iştirak edən 4 yerli sənədli filmdən heç biri nazirlikdən dəstək almamışdı? Hələ utanmadan da həmin festivalda münsif kimi çıxış edirdin.
Necə olur axı biz dişimizlə- dırnağımızla sıfır büdcəylə çəkdiyimiz filmlərlə festivallara gedirik. Ancaq siz dövlətin ciddi maliyyə resurslarnı öz şəxsi mülkünüz kimi xərcləyib onu yerə vurursunuz?
Ümumiyyətlə, Qarabağ mövzusu mənim üçün uydurma və göydəndüşmə mövzu deyil. “Qara bağ”, “Titrəmə” adlı qısa filmlərim məhz bu mövzudadır. Bu filmlərlə bacardığım qədəri ilə ən azı öz qonşu coğrafiyamızdakı beynəlxalq film festivallarında olmuşam. Belə bir həssas mövzuda film festivalında iştirak etmək, hətta iki dəfə Türkiyədə ən yaxşı film kateqoriyasında qalib olmağın hansı əziyyət və hansı illərin sayəsində formalaşdığını hamı çox yaxşı bilir. “Qara bağ” filmi ilə Türkiyədə mükafatı şəxsən Türkiyənin mədəniyyət nazirindən almışdım. Amma bu gün mən Azərbaycanda Mədəniyyət naziri ilə görüşə imkan tapa bilmirəm. Çünki nazirliyin kino şöbəsi (indiki Audiovizual və interaktov media şöbəsi) buna mane olmaq istəyir.
İllərlə karyera qurursan, təhsil alırsan, çətinliklərlə film ortaya qoyursan, onu festivallara göndərirsən, qalib gəlirsən, müəyyən uğurların olur ancaq öz ölkəndə bu işə rəhbərlik edənlər bunu görməzdən gəlirlər. Səni hətta bu sahədən uzaqlaşdırmaq, iyrəndirmək üçün əllərindən gələnin əsirgəmirlər.
Təəssüf ki, bu gün başqa işlərlə məşğul olmaq məcburiyyətində qalmışam. Yaradıcılıq planlarım demək olar ki getdikcə daha da arxa plana keçməyə başlayır. Bu da bir yaradıcı adam kimi məni sındırır, məni bu işdən uzaq salmağa sövq edir.
Mədəniyyət nazirliyinin kino şöbəsi tərəfindən keçirilən pitçinq layihələrinə düz iki dəfə müraciət etsəm də layihələrim dəstəklənməyib. Halbuki o ssenarilərin hamısı sırf Qarabağla, müharibədəki zəfərimizlə bağlı olan ssenarilər idi. Həmin layihələrin dəstəklənməməsi həmin müsabiqədə ümumiyyətlə, münsiflərin əksəriyyətinin kinodrammaturgiyaya aidiyyatı olmayan adamların yer alması və bundan savayı bunun birbaşa Rüfət Həsənovu etdiyim tənqidlərlə əlaqədar olmasını da çox yaxşı bilirəm.
Bircə ümidim cənab prezidentin sərəncamı ilə yeri yaradılan Kino Agentliyinədir. Ümid edirəm ki, bütün bu nöqsanlara, maddi və mənəvi pozuntulara yol verən insanlar həmin Kino Agentliyində qətii surətdə təmsil olunmayacaqlar. Buna görə yaxın zamanda Kino Agentliyinə rəhbər gələn şəxsə bu gün yığılıb qalan nə qədər problemlərlə üz-üzə qalır. Düşünürəm ki, bu şəxs şəxsi qərəzi kənara qoyan, dövlətçilik prinsiplərini bilən, müəllif şəxsiyətinə hörmət edən, kino adamları ilə ən azı ünsiyyət qurmağı bacaran, vəzifə səlahiyətlərini vicdanla yerinə yetirən, içində həqiqi vətən sevgisi olan bir şəxs olmalıdır.
Bir sözlə, kino agentliyi və agentliyə rəhbər gələn şəxs həm mənim üçün həm də kino adamları üçün son ümid yeridir. Ümid edirəm ki, ümidimiz qırılmayacaq.