Qənirə Paşayeva "Azərsu"yu parlamentdə tənqid etdi: "Şəhid anasına deyirlər ki..." - VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin dekabrın 16-da keçirilən növbəti plenar iclasında çıxış edib, bir sıra aktual məsələlərə toxunub.
AFN.az xəbər verir ki, komitə sədri bölgələrdə kommunikasiya ilə bağlı olan qurumların yerli qurumlarla birgə çalışıb xəritələr çıxarması məsələsini qaldırıb.
Onun çıxışını kiçik ixtisarla təqdim edirik:
“İstəyir işıq, istəyir su olsun – kommunikasiya sahəsində problemlər var. Rayonlarda torpaq sahələrini ayırılır, İcra hakimiyyəti, müvafiq qurumlar da tikintiyə icazə verir. Sakinlər evə su, işıq və qaz xətti çəkilməsini istəyəndə isə bu cavabı alırlar: “Mən 700 metr və ya 1 km-dən bunu edə bilmərəm”. Deməli, bu məsələlər qabaqcadan ölçülüb-biçilməlidir.
Dünən Bakının Zirə qəsəbəsindən qəhrəman şəhidimizin anası qəbula gəlmişdi, söhbət etdik, məlum oldu ki, Zirənin mərkəzində şəhidin adına bulaq tikilib. Neçə aydı bu ana qapıları döyür ki, bulağa su verilsin. Nəhayət Mədəniyyət Komitəsinə üz tutub deyir ki, “Mən nə istəyirəm? – Bulağa su verilsin, hətta sayğac qoysunlar, mən onun pulunu ödəməyə hazıram”.
Xəzər rayonunun İcra başçısı ilə danışdım və məlum oldu ki, icra başçısı da müvafiq quruma müraciət edib amma su verilmir. Şəhid anasına deyilir ki, “750 metrdən ora su verə bilmərik”. Sonra mən su təsərrüfatına rəhbərlik edən şəxslərə zəng edirəm və şəhid anasına deyilən söz mənə də deyildi. Xahiş, minnətlə bildirirəm ki, ana bu vəziyyətdə gəlib, bulağa yer ayrılıb, ana qanunsuz tikməyib. Şəhid anası neynəsin ki, sizin digər dövlət qurumları ilə kommunikasiyanız yoxdur, bulaq tikiləndən sonra deyirsiz su verə bilməyəcəyik.
Ona görə, bu qurumlar İcra hakimiyyətləri və bələdiyyələrlə işləməlidir. Rayon da icazə verəndə bilməlidir ki, əgər bu vətəndaşa 3-4 il su verilməyəcəksə, o zaman icazə də verilməsin. Ən azı bu insanlar işlərini bilsin. Hər şey bitəndən sonra deyirlər ki, biz sizə bunu verə bilməyəcəyik. Xahiş edirik, bu məsələ qanunvecilikdə öz həllini tapsın, çünki individual olaraq bu müraciətlərin sayı həddən artıq çoxdur, xüsusilə müraciət edənlər qazi və şəhid ailələri olanda başqa bir həssaslıq yaradır”.