Türkiyə 1 ilə keyfiyyətli binalar tikə bilərmi? - EKSPERT RƏYİ


Türkiyədə bir-birinin ardınca baş vermiş 7,4 və 7,7 gücündə zəlzələlərdən sonra ortaya çıxan dağıntı mənzərəsi acınacaqlıdır. Bir neçə şəhərdə, bölgələrdə tikililərə, infrastruktura dəyən ziyan on milyarlarla ölçülür. Türkiyə hökuməti bu dağıntıların 1 il müddətinə bərpa ediləcəyini bildirir. Prezident Ərdoğan artıq bir neçə dəfə belə vədlə çıxış edib.


Hatay vilayətində bu gün yenidən baş verən 6,4 ballıq zəlzələ isə deməyə əsas verir ki, yeraltı təkanlar hələ davam edəcək. Elə mütəxəssislər də bu cür proqnozları tez-tez səsləndirirlər. Yüz illərdir yığılıb qalan hava boşluqlarının artıq "püskürmə" mərhələsində olduğunu ekspertlər bir neçə il əvvəldən demişdilər. Hazırda ölkənin ən böyük şəhərlərindən olan İstanbulda da belə bir təhlükənin olması haqda çıxışlar olur. Belə bir zamanda baş vermiş dağıntıların 1 il müddətində aradan qaldırılacağını söyləmək nə qədər obyektivdir? Bir ilə tikilən binaların, infrastrukturun keyfiyyətinə zəmanət vermək mümkündürmü?

AFN.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı şərh verib. "Türkiyədə zəlzələ baş vermiş ərazilərdə yenidən qurma və tikinti işlərinin aparılması gələcək nəsilləri yeni bir fəlakətlə üz üzə qoya bilər" - deyən ekspert qeyd edib ki, ərazilərin dağıntılardan təmizlənməsi, yeni yolların cəkilməsi, infrastrukturların qurulması cox uzun zaman alacaq: "Bu isə Türkiyə hökumətinin həmin ərazilərin yenidən qurulması ilə bağlı xalqa verdiyi 1 illik vədlə üst üstə düşmür. Ölkəmizdə köhnə binaların sökülərək yeni binalarla əvəzlənmə prosesinə nəzər salsaq, təcrübədə bu proses təqribi 2,5 - 3 il müddətə başa gəlir. Binanın sökülməsi, ərazinin təmizlənməsi, tikintidə bünövrənin qazılması, betonlanması və betonun quruması, əlavə olaraq hər mərtəbədə verilən betonun quruması, ara divarların hörülməsi, suvanması və mənzillərin daxili təmiri bəlli bir zamana başa gəlir. Təbii ki, bu proses zamanından tez, yəni beton hissələr qurumadan baş verərsə o zaman tikinti bitdikdən sonra cökmələrin olması qaçılmazdır".
E.Fərzəliyev bildirib ki, zəlzələdən əvvəl də həmin ərazilərdə yaşayan sakinlər mütəmadi olaraq zamanla kicik ballıq zəlzələlər baş verdiyini deyiblər. "Yəni həmin ərazilər seysmik zona olaraq zəlzələyə meyilli ərazilərdir. Düşünürəm ki, o ərazilərdə yenidən qurma işlərinin aparılması qadağan olunmalı və o yaşayış massivləri zəlzələyə meyilli olmayan digər ərazilərdə tikilməlidir. Bu, həm tikinti işlərinin sürətləndirilməsinə gətirib cıxara bilər, həmçinin gələcəkdə zəlzələ baş vermiş ərazilərdə yenidən yeraltı təkanlar olacağı halda dövlət təlafat və dagıntılardan qorunmuş olar" - deyə ekspert qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu