Türkiyə zəlzələnin iqtisadi nəticələrini aradan qaldıra biləcəkmi? - ŞƏRH
Türkiyədə baş verən iki zəlzələ çox sayda insan tələfatı ilə yanaşı, böyük dağıntılara da səbəb oldu. İlkin hesablamalara görə, zəlzələ nəticəsində dəyən zərər 10 milyardlarla ölçülür. Bəs Türkiyə bu ziyanın altından çıxa biləcəkmi? Dağılan binalar, obyektlər, infrastrukturun bərpası mümkün olacaqmı?
AFN.az xəbər verir ki, Azərbaycandan olan deputat, iqtisadçı Vüqar Bayramov məsələni şərh edib. O, bildirib ki, artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır: "Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz bənd azalda bilər".
V.Bayramov 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələrini xatırladaraq qeyd edib ki, müqayisə qardaş dövlətin bu sınaqdan da zəifləmədən çıxacağını deməyə əsas verir: "1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır".