Pakistanda hava çirklənməsi kosmosdan belə görünür - FOTOLAR
Keçən aydan bəri Pakistanın şərqini və Hindistanın şimalını bürüyən qatı və zəhərli tüstü NASA-nın peyk görüntülərində aydın şəkildə müşahidə olunub. Pəncab əyalətindən Hindistanın paytaxtı Yeni Dehliyə yayılan bu boz tüstü buludu milyonlarla insanın sağlamlığını təhlükə altında qoyur.
Pakistan hakimiyyəti ağır çirkləndiricilərin sağlamlığa təsiri səbəbindən məktəbləri və ictimai iaşə yerlərini bağlayıb. Həftə sonu Lahor və Multandan gələn görüntülər şəhərləri bürüyən sıx tüstünün küçələri və binaları örtdüyünü ortaya qoyub.
Cənubi Asiyada havanın çirklənməsi hər il qış aylarında kənd təsərrüfatı tullantılarını yandıran fermerlər, kömürlə işləyən elektrik stansiyaları, sıx nəqliyyat və küləksiz hava şəraiti səbəbindən artır.
Bu dövrdə soyuq və quru hava çirkliliyi tutur və isti havanın qalxdığı zamanlarda olduğu kimi atmosferə dağılmasının qarşısını alır.
Bu mövsüm Lahorda hava keyfiyyəti indeksi 1200-ü keçib və IQAir məlumatlarına görə, bu dəyər təhlükəli hesab olunur. Pəncabın müxtəlif yerlərində də 1000-dən çox ölçmə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz səviyyəsindən 110 dəfə yüksək olan PM2.5 nisbətləri bu çirklənmənin ən kiçik və ən təhlükəli komponentlərindən biri kimi önə çıxır. Nəfəs aldıqda bu hissəciklər ağciyər toxumalarına dərindən nüfuz edərək ürək və ağciyər xəstəliklərinə, xərçəngə və digər tənəffüs orqanları xəstəliklərinə səbəb ola bilər.
Zəhərli tüstünün təsirindən xəstəxana və klinikalar tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələrlə dolub. "Associated Press"in məlumatına görə, Pəncab səhiyyə rəsmilər tüstüdən təsirlənən ərazilərdə 30,000-dən çox insanın tənəffüs xəstəliklərindən müalicə olunduğunu açıqlayıb.
NASA Worldview peyk görüntüləri 31 avqust 2024-cü ildəki eyni bölgə ilə müqayisədə 10 noyabr 2024-cü ildə Pakistanın Pəncab əyalətində və Şimal-Qərbi Hindistanın bəzi bölgələrində güclü dumanı göstərir.