Pakistanda havanın çirklənməsi səbəbindən təhsil 1 həftəlik dayandırılıb
Pakistanda hava çirkliliyinin rekord həddə çatdığı Lahorda bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.
"Dawn" qəzetinin məlumatına görə, hakimiyyət Pakistanın Pəncab əyalətinin Lahor şəhərində davam edən havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görüb.
Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin 1 həftə müddətinə dayandırılacağını açıqlayıb.
Əyalətin rəsmiləri mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.
Oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub.
Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məqbul hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb və Lahor dünyada havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhər olub.
Mənbə: AA