İtaliyanın bəzi şəhərlərində havanın yüksək çirklənməsinə qarşı mübarizə tədbirləri həyata keçirilib


İtaliyanın şimalındakı bəzi şəhərlərdə həftəsonundan bəri davam edən yüksək hava çirkliliyi səbəbindən ətraf mühitin və insan sağlamlığının qorunması üçün bəzi tədbirlər həyata keçiriləcək.



İtaliya mətbuatında yer alan xəbərlərə görə, ölkənin sənaye və maliyyə mərkəzi olan şimalda yerləşən Milanda və ətraf şəhərlərdə havanın çirklənmə səviyyəsi ardıcıl 4-cü gündür ki, normadan xeyli yüksək olub.

Regional Ətraf Mühit Agentliyi ARPA şimaldakı Milan, Monza, Komo, Berqamo, Brescia, Mantova, Cremona, Lodi və Pavia şəhərlərində havanın çirklənmə dərəcəsini PM10 parametrinə görə kubmetr üçün 50 mikroqram həddən yuxarı müəyyən edib.

Bu dəyər Milan üçün 73 ilə 122 mikroqram arasında dəyişərək Monzada 111, Komoda 78-ə çatıb.

Havanın çirklənməsi yüksək həddə çatdığı və bir müddətdir davam etdiyi üçün yerli hakimiyyət orqanları tədbir görməyə başlayıb.

Milan da daxil olmaqla bu 9 əyalətdə tüstü səviyyəsinin azaldılması üçün ilk tədbirlər açıqlanıb. Müvafiq olaraq, əhalisi 30 mindən çox olan bələdiyyələrdə “Avro 0”, “Avro 1” və “Avro 2-3-4” kateqoriyalarında dizel yanacağı ilə işləyən avtomobillərin həftə sonları nəqliyyata girişi dayandırılacaq, istilik sistemi evlərdə və ticarət mərkəzlərində 19 dərəcədən yuxarı qalxa bilməyəcək və açıq havada ocaq yandırmaq qadağan ediləcək.

Yüksək hava çirkliliyi səbəbindən Milanda bir çox insan qoruyucu üz maskaları taxaraq çölə çıxmağa başlayıb.

Hava monitorinqi və hava təmizləmə məhsulları istehsal edən İsveçrə şirkəti də Milanın Çinin Çenqdu və Banqladeşin paytaxtı Dəkkədən sonra ən pis hava keyfiyyətinə malik 3-cü şəhər olduğunu açıqlayıb.

Milan meri Cüzeppe Sala şirkətin açıqladığı məlumatlara etiraz edərək, onların aktual olmadığını bildirib.

İtaliya Ətraf Mühit və Tibb Dərnəyinin (SIMA) bu gün verdiyi açıqlamada, İtaliyada hər il qeydə alınan təxminən 80 min vaxtından əvvəl ölümün havanın çirklənməsi səbəbindən baş verdiyi və bunun Avropada ən yüksək səviyyə olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu