Mənbicdə terror aktı nəticəsində 14 dinc sakin öldü
Suriyanın Hələb vilayətinin Mənbic rayonunda bomba yüklü avtomobillə törədilən terror aktı nəticəsində 14 dinc sakin ölüb, 15-i yaralanıb.
“Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində terror təşkilatı PKK/YPG-dən təmizlənən Mənbic şəhərinin cənub girişində avtomobilə yerləşdirilən bomba partladılıb.
Terror aktı nəticəsində 14 mülki şəxs həlak olub, 15 mülki şəxs isə yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və ölənlərin sayının artacağı ilə bağlı qorxular var.
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı PKK/YPG tərəfindən törədilməsi ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, SNA qüvvələri 2024-cü il dekabrın 9-da “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində Mənbici terrorçulardan azad edib.