Pakistanda məscid partladıldı: 20 nəfər ölüb, 90 nəfər yaralanıb
Pakistanın Xayber Paxtunxva əyalətində günorta namazı zamanı məsciddə partlayış olub.
AFN.az xəbər verir ki, kamikadzenin özünü partlatması nəticəsində ilkin məlumatlara görə, 20 nəfər ölüb, 90 nəfər yaralanıb. Pakistan mediası xəbər verir ki, rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.
Partlayış nəticəsində məscidə, eləcə də ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
İslamabadda yerləşən Təhlükəsizlik Araşdırmaları və Tədqiqat Mərkəzinin (CRSS) paylaşdığı məlumatlara görə, 2022-ci ildə Pakistanda 506 terror aktı nəticəsində 290 təhlükəsizlik qüvvələri və 311 mülki şəxs olmaqla 601 nəfər həlak olub, 741 nəfər yaralanıb.
Hücumların əksəriyyəti Əfqanıstan-Pakistan sərhəddində həyata keçirilib. TTP, Bəlucistan Azadlıq Ordusu (BLA) və DEAŞ-H kimi təşkilatlar bu hücumların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
2022-ci ildə Pakistanda terror hücumları əvvəlki ilə nisbətən 15 faiz artıb.