Ruslan Quliyev: Kürdəmirin müalicəvi turizmin mərkəzinə çevrilmək potensialı var

Azərbaycanın hər bir rayonunun özünəməxsus turizm potensialı var. Bəzi bölgələrimiz füsunkar təbiəti, bəziləri müalicəvi imkanları, termal mənbələri, digərləri tarixi-mədəni abidələri ilə tanınır.
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir isə ilk görünüşdə turizm üçün əlverişli olmayan təbiət və iqlim şəraiti müşahidə olunsa da, turizmin inkişafı baxımından bir sıra imkanlara malikdir.
Bunu Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev AFN.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Kürdəmirin müalicəvi turizmin inkişafı üçün çox mühüm potensialı var: “Hələ 1969-cu ildə Carlı Kəşfiyyat Qazma İdarəsi tərəfindən Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində neft yatağı aşkarlamaq məqsədilə qazıntılar aparılan zaman termal su yerin səthinə çıxıb. O zaman yeraltı termal suyun tərkibində olan mineralların əhəmiyyəti nəzərə alınaraq gələcəkdə ərazidə kurort-sanatoriya mərkəzlərinin yaradılması, eləcə də rayonun turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə suyun tərkibinin kimyəvi laborator analizi aparılıb. Məlum olub ki, temperaturu 90-95 ºC arasında olduğuna görə bu su “çox qaynar” termal sudur. Mütəxəssislərin rəyinə görə, bu tip sular revmatizm, əzələ və oynaq ağrıları, dəri problemləri, bəzi sinir sistemi pozuntularının müalicəsində geniş istifadə olunur. Bundan əlavə, suyun minerallarla zəngin olması orqanizmdə elektrolit balansını tənzimləyir, sirkulyasiyanı gücləndirir, bədəndən toksinlərin çıxarılmasına kömək edir. Suyun tərkibindəki kalsium (Ca2+) və maqnezium (Mg2+) kimi minerallar sümük sağlamlığını dəstəkləyir. Analizlərin nəticəsinə uyğun olaraq, Mollakənd ərazisindəki termal su revmatik və oynaq xəstəlikləri, dəri xəstəlikləri, sinir sistemi gərginliyi və stress, maddələr mübadiləsinin stimullaşdırılması, reabilitasiya məqsədilə istifadə üçün yararlıdır.
Həmçinin Çarlı suyunun bir sıra digər müalicəvi xüsusiyyətləri də müəyyənləşdirilib. Belə ki, mütəxəssis rəylərinə inansaq, bu su ilə pilinq və dəri hamarlanması mümkündür. Sudan sabun hazırlamaq olar. Qeyd edim ki, termal sularla sabun istehsalı “spa sabunları” kateqoriyasına aiddir və dəriyə xeyirli minerallarla zəngindir”.
Ruslan Quliyev bir turizm mütəxəssisi kimi, Kürdəmirin digər imkanlarını da qiymətləndirib. Onun fikrincə, rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yerə malik olduğundan burada aqroturizmin inkişaf etdirilməsi üçün münbit şərait var: “Bundan başqa, rayonun tranzit yolun üzərində olması və təqribən 100 km-ə qədər radiusda bir sıra turizm mərkəzlərinə yaxın olması turizim marşrutlarında əlverişli dayanacaq nöqtəsi olması imkanlarını artırır. Həmçinin rayonun köçəri quşların köç dəhlizi rolunu oynaması birdwatching (quşları seyretmə) turizm imkanlarını artırır. Xüsusi marşrutlar üzrə bir neçə məkan yaradıla bilər. Geniş yarımsəhra əraziyə malik olması isə avto-motor turların (ceep safari və s) təşkil olunması üçün ideal məkan rolunu artırır. Bəlli bir yatırımlarla geniş sahədə müxtəlif cığırlar, maneələr və attraksionların yaradılması həyata keçirilə bilər.
Rayon ərazisindəki “Şəhərgah yaşayış yeri” adlı tarixi arxeoloji abidə də turistlərin marağına səbəb ola bilər. Bakı-Qazax magistral avtomobil yolundan 13 kilometr məsafədə, Ərəbqubalı kəndində yerləşən bu abidə qədim Şirvan şəhərinin qalıqlarından ibarətdir. Sığırlı kəndindəki ilk orta əsrlərə aid olan Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq da maraq doğurur.
Kürdəmirin ərazisindən Kür çayı, Girdiman və Ağsu çayları axır. Kür çayının sahillərində nadir Tuğay meşələri mövcuddur. Mollakənd kəndində isə çay və balıqçılıq turizmini inkişaf etdirmək olar. Həmin kənddə eyni zamanda radon və yod maddələri ilə zəngin mineral su mənbəyi var. Oradakı “Ulusu” sanatoriyasında 100-dək xəstəliyi müalicə etmək mümkündür”.
Fəxriyyə ABDULLAYEVA